Musiqi yaddaşımızın “Uzaq, yaşıl ada”sı

post-img

Xalq artisti Mirzə Babayev Azərbaycan estrada musiqisinin, o cümlədən şanson janrının banilərindən biri olub. Unudulmaz sənətkar güclü artistizmi, oxuduğu hər mahnını kiçik bir tamaşaya çevirə bilməsi, özünəməxsus obrazlar yaratması ilə fərqlənirdi. 

Mirzə Babayevin yu­bileyi ərəfəsində onun nəvəsi, hazırda dövlət qulluğunda çalışan Emin Babayevlə ətraflı söhbə­timiz oldu və sənətkar haqqında indiyə qədər bilmədiyimiz bir çox fakt­ları öyrəndik. 

Emin bəy dedi ki, babası İçərişəhərdə doğulub və onun mu­siqiyə meyl göstər­məsində anası Sona Xanlarovanın böyük rolu olub. Sona xanım rəfiqələrini evə qonaq çağırıb, onlar üçün qarmon çalarmış: “Mirzə babam böyük səhnəyə çıxmaz­dan öncə, 30-cu illərin əvvəllərində me­marlıq təhsili aldığı Sənaye İnstitutunun bədii kollektivində çıxış edirmiş. Natəvan meydanındakı köhnə "Metropol" resto­ranında da oxuyurmuş. Babam institutu bitirəndən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə də daxil olub. Mu­siqi ilə ciddi məşğul olana qədər həm memar, həm də rəssam kimi çalışıb. Müharibədən sonra Bakıdakı "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Ni­zami muzeyinin salonlarının tərtibatında da iştirak edib”.

İkinci cahan savaşında Rostov cəbhəsində döyüşlərdə iştirak etmiş Mirzə Babayev müharibədən leytenant rütbə­si və orden-medallarla qayıdıb. İlk dəfə bəstəkar Tofiq Quliyevin yaratdığı caz or­kestrində çıxışları haqqında isə sənətkar belə deyib: “Tofiq olmasaydı, həyatıma memar kimi davam edəcəkdim”. 

Mirzə Babayev bir çox filmlərdə akt­yor kimi çıxış edib, eyni zamanda, onun kino mahnısı ifaçılığı da əhatəli olub. Bəlkə də, əksəriyyət bilmir ki, “O olma­sın, bu olsun” filmində Məşədi İbadın dilindən səslənən mahnıları “Mirzə dayı” oxuyub. 

Sənətkarın nəvəsi tez-tez onun çə­kildiyi filmlərə baxdığını bildirdi: “Babam rollarını o qədər canlı oynayıb ki, dedi­yi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah (“Dərviş Parisi partladır”), Mi­rişin atası (“Bəyin oğurlanması”), Meyxa­naçı (“Dəli Kür”), Bəy (“Qaraca qız”) ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Qu­liyev həmin rola Mirzə Babayevin çəkilə­cəyini biləndən sonra yazıb”.

İstedadlı vokalçı 1948-ci ildə Azərbay­can Dövlət Konservatoriyasına, Bülbülün sinfinə qəbul edilib. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Mir­zə Babayev "Liman", "Uzaq, yaşıl ada", "Kəpənək", "Gəlmədi" və digər mahnıların ilk və təkrarsız ifaçısıdır. 

"Şöhrət" ordenli sənətkar həm də iki dəfə "Humay" mükafatı laureatı olub. Ümumilikdə, 40-dan çox filmə çəkilib. Özü də təkcə Azərbaycanda yox, Odes­sa, Daşkənd, Aşqabad kinostudiyaların­da istehsal olunan filmlərdə də iştitak edib.

Emin bəy babasının vokal imkan­larından bəhs edərkən bir maraqlı nüansa da toxundu: “Müəllimi Bülbül onu opera müğənnisi kimi hazırlamaq istəyirmiş. Amma Tofiq Quliyev deyib ki, Mirzənin səsi estrada mahnılarının ifa­sı üçün daha uyğundur. O, bir müddət Tofiq müəllimin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində çıxış edib. Babamın ilk estrada ifaçısı olması etiraf olunur, amma, nədənsə, caz ifaçı­lığından söz düşəndə adı az çəkilir. Hal­buki Tofiq Quliyev həmişə musiqimizin bu mərhələsi haqqında danışanda onun adını vurğulayırdı”.

2000-ci ildə Amerikada Azərbaycan mədəniyyəti günlərində iştirak edən nü­mayəndə heyətinin tərkibində Mirzə Ba­bayev də vardı. Azərbaycan müstəqillik qazanmasaydı, yəqin ki, bütün bunlar olmayacaqdı. Çünki sovet vaxtı baba­mın ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səh­nədə statik olmağı tələb edirdilər. Başqa sözlə desək, dövlət müstəqilliyimiz həm də onun sənət və səhnə sərbəstliyinə yeni imkanlar açıb. 

…Unudulmaz sənətkar Mirzə Ba­bayevin səsi bu gün də qulaqlarımızda səslənir: “Kimlər gəldi, kimlər getdi bu dünyadan…”. İnamla deyə bilərik ki, o, bu dünyada ad qoyub gedənlərdən və indi “Uzaq, yaşıl ada” kimi yaddaşlarda qalanlardan biridir.

 

Ə.ƏLİYEV,

“Xalq qəzeti”

Mədəniyyət