Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Əməkdar artist Vüqar Camalzadənin Ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı maraqla qarşılanıb.
Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi olan Səfiəddin Urməvinin yaradıcılıq nailiyyətlərindən biri də Ədvardır. Bu vasitə ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi qaydaya salınır.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəllərini, eləcə də Nizami Gəncəvi, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar səsləndiriblər. Hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər.
İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb.
“Xalq qəzeti”