Bu gün Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar artist, böyükdən-kiçiyə hər kəsin sevimlisi, “Ələkbər əmi” kimi tanıdığımız Ələkbər Hüseynovun doğum günüdür. O, uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. 46 illik ömrünün 26 ilini balacalara həsr edən aktyor müxtəlif musiqi alətlərində ifa edib, hətta peşəkar rəqslə də məşğul olub. Dram dərnəyinə yazılaraq bir çox tamaşalarda iştirak edib.
Ələkbər Hüseynovla bir teatrda çalışan Əməkdar artist, aktyor Rəhman Rəhmanov bizimlə aktyorla bağlı xatirələrini bölüşdü:
“Ələkbər Hüseynov səhnə təcrübəsinə malik çox yaxşı aktyorlardan idi. Ona teatrda fəaliyyətinə dəstək verən, yol göstərən adamlardan biri də mən olmuşam. O vaxt teatrın qastrol səfərləri turuna rəhbərlik edirdim. Onu da özümlə birgə səfərlərə aparırdım. İstəyirdim ki, kukla teatrının işinə yaxından bələd olsun. Qastrol səfərlərində də bir neçə tamaşada bir yerdə oynamışıq. Zaman keçdi. Bu sənətin uğrunda var gücü ilə çalışaraq, teatrın baş rejissoru pilləsinə qədər yüksəldi. “Ələkbər əmi” kimi uşaqların sevgisini qazandı. Aramız o qədər yaxşı idi ki, Bakı ləhcəsi ilə mənə “qədeş” deyə müraciət edirdi. Bir-birimizin xətrini o qədər çox istəyirdik. Allah rəhmət eləsin”.
Ələkbər Hüseynov sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layıq görülüb. Beynəlxalq festivallarda iştirak edib.
2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Polşanın “Təbəssüm Ordeni” mükafatına layiq görülən aktyor Şərqdə bu mükafatı alan ilk və yeganə şəxsdir.
2002-ci ildə Fransaya səfəri zamanı aktyorun dişində ağrılar baş qaldırır. Bir həkim dostu onun dişini çəkir. Hadisədən sonra onun səhhətində problem yaranır. Məlum olur ki, aktyor dişi çəkilən zaman Hepatit C virusuna yoluxub. Aktyorda allergiya olduğu üçün müalicə ala bilmir. 2007-ci il avqustun 2-də dünyasını dəyişir.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”