Avropa musiqisinin ənənələri – Frederik Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını özündə ehtiva edən bu musiqi növü həm də reqtaym adlanır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir.
Azərbaycan 2012 və 2015-ci illərdə ilk beynəlxalq caz forumlarında iştirak etmişdir. 2015-ci ildə Parisdə Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, respublikanın Əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov və Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil etmişdir.
2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı ilə Bakıda da Beynəlxalq Caz Günü qeyd olunur. Bu ənənəyə sadiq qalaraq, iyulun 3-də Heydər Əliyev Mərkəzində V Beynəlxalq Bakı Yay Caz Günləri festivalının açılış mərasimi keçirilib.
Mərkəzin Auditorium zalında baş tutan tədbirdə Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə birlikdə səhnəyə çıxıb. Onları klassik musiqi ifaçılığı ilə tanınan Bakı Kamera Orkestri müşayiət edib. Bu dəfə cazsevərlərə bir-birindən fərqli, maraqlı musiqi nömrələri təqdim olunub.
Tədbirdə pianoçu Elçin Şirinovun israilli həmkarları ilə birlikdə çıxışı da tədbir iştirakçılarının gur alqışları ilə qarşılanıb.
İyulun 4-də Heydər Əliyev Mərkəzində məşhur caz-pianoçu Alfredo Rodrigez Kuba–ABŞ triosu ilə çıxış edib. Qremmi mükafatı nominantı, məşhur caz-pianoçu A.Rodrigez dünya turnesi çərçivəsində cazsevərlərə sevimli musiqi kompozisiyalarını ərmağan edib.
Bu gün isə pianoçu, aranjımançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Həmçinin Azərbaycan cazının banisi olan Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli Uşaq İncəsənət Məktəbinin tələbələri Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər. Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Francois Moutin və Rafael Pannierlə birgə tanınmış gürcü bəstəkarları da öz caz improvizə bacarıqlarını göstərəcəklər. Qonşu ölkəni Bakı caz günlərində pianoçu, aranjımançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirməyi düşünür. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.
Artıq 5-ci dəfədir ki, ölkəmizdə keçirilən caz günləri festivalı qapalı məkanlarla yanaşı, açıq havada da təşkil olunur. Konsert tədbirləri geniş tamaşaçı kütləsi üçün daha da əlçatan olur. Bu isə festivalın əsas məqsədinə nail olmağa şərait yaradır, caz musiqisinin daha geniş auditoriyada təbliğinə xidmət edir.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”