Mədəniyyət və incəsənət sahəsində yaradıcılıq mübadiləsinin genişləndirilməsi bu sferaya effektiv təsir göstərir. Azərbaycanın qardaş türk ölkələri, o cümlədən Özbəkistan Respublikası ilə mədəniyyət sahəsində əməkdaşlığı bu sırada önəmli yer tutur.
Sumqayıt Dövlət Dram Teatrından aldığımız məlumata görə, bu günlərdə Özbəkistanın Səmərqənd teatrı ilə Sumqayıt teatrı arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması məqsədi gənclik şəhərində memorandum imzalanıb.
Sonra Özbəkistanın incəsənət xadimləri Sumqayıt teatrının inzibati binası – qrim otaqları, texniki təchizat şəraiti ilə tanış olublar. Fikir mübadiləsi zamanı yaradıcılıq planları, gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Sumqayıt teatrının direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədovun bildirdiyinə görə, perspektivdə qarşılıqlı səfərlərin keçirilməsi, burada Səmərqənd teatrının, qardaş ölkədə isə Sumqayıt sənətçilərinin tamaşalarının oynanılması nəzərdə tutulur.
Ə.ƏLİYEV, “Xalq qəzeti”