Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilmiş Teatr Forumunda səsləndirilən fikirlər ölkədə tərzinə, üslubuna görə bir-birindən fərqlənən yeni teatrların yaranmasına zəmin yaradır. Müstəqil Sıfır Teatrının yaradılması da bu mövzuda atılan ən uğurlu addımlardandır.
Teatrda daha çox meydan tipli tamaşalar nümayiş olunur.
Digər teatrlardan fərqi isə izləyicilərin də oyuna daxil edilərək, tamaşanın bir hissəsinə çevrilməsidir. Teatr zalı tamaşadaki məkana uyğun olaraq hazırlanır və tamaşaçı teatra deyil, sanki xəstəxanaya, məhkəməyə, həbsxanaya və.s daxil olur.
Teatrın üslubunu Qrotovskinin "Yoxsul Teatr" elementləri təşkil edir. Bundan başqa, Sıfır Teatrının tamaşalarında absurd, sürrealizm, absurd epik və digər üslubların elementlərindən də istifadə olunur.
Müstəqil Sıfır Teatrının yaradılmasında məqsəd insanların diqqətini sürətlə inkişaf edən ekoloji böhran mövzusuna yönəltməkdir. Buna görə də, tamaşaya qoyulan hər bir səhnə əsərinin bütün hissələri tullantı məhsullarından hazırlanır.
Teatrın bədii rəhbəri Mirtalib Həsənov, baş rejissoru Səid Abbasov, art direktoru Fuad Məmmədovdur.
Fidan SALMANOVA,
“Xalq qəzeti”