Erməni xisləti: üzrxahlıq əvəzinə, ərazi iddiası...

post-img

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın 21 iyun tarixli açıqlamasına cavab verib. Erməni diplomat 15 iyunda Laçın nəzarət-buraxılış məntəqəsinə edilən hücumun mahiyyətini, yerini təhrif etdiyini, bütün olayların Ermənistan ərazisində reallaşdığını bildirib. Ani Badalyan bu iddiası ilə rəsmi İrəvanı çətin vəziyyətə salıb. 

Birincisi, Azərbaycan bayrağı Badal­yanın dediyi kimi, Ermənistan ərazisində deyil, Azərbaycan torpağında qaldırılıb və bunun ən böyük isbatı hər zaman ermənilərdən yana olan rus sülhməram­lılarının da həmin mərasimdə iştirakıdır. Aydındır ki, əgər Azərbaycan bayrağının qaldırıldığı ərazi Ermənistana məxsus ol­saydı, buna ilk növbədə Rusiyanın sülh­məramlı missiyası etiraz edər və heç bir halda hərbçilərimiz ilə birlikdə hadisə ye­rində olmazdı. 

İkincisi, Azərbaycan bayrağının yük­səldiyi ərazinin Ermənistana aid olma­dığının daha bir isbatı Ani Badalyanın öz açıqlamasıdır. O deyir: “Rusiya tərə­finin şərhində açıq-aşkar ziddiyyət var. Əgər Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiya olunmaması sə­bəbindən sərhəd xəttinin haradan keç­diyini dəqiq söyləmək mümkün deyilsə və Kremlin rəsmi nümayəndəsinin iddia etdiyi kimi, bu, davam edən problemlə­rin səbəbidirsə, o zaman sual yaranır: iyunun 15-də Ermənistanla Azərbaycan sərhədində, körpünün bu tərəfində han­sı əsasla və hansı prinsiplə Azərbaycan bayrağı asılmışdı?” 

Göründüyü kimi, Ani Badalyana görə, hələ ki, Azərbaycanla Ermənistan ara­sındakı sərhəd şərtidir və sərhəd xəttinin dəqiq haradan keçdiyini demək mümkün deyil. Madam belədir, onda mətbuat kati­bi özü hansı məntiqlə Azərbaycan bayra­ğının Ermənistan ərazisində yüksəldiyini iddia edir? Axı onun təbirincə desək, sər­həd xəttinin dəqiq haradan keçdiyini söy­ləmək mümkün deyil!

Üçüncü sual: əgər bayrağımızın ucal­dığı ərazi Ermənistana məxsusdursa, o zaman erməni hərbçiləri əsgərlərimizi bu əraziyə necə və niyə buraxıblar? Axı vi­deodan görünür ki, əsgərlərimiz Rusiya sülhməramlıları ilə birlikdə bayrağımı­zı sərbəst şəkildə əraziyə gətirir və onu təntənəli şəkildə qaldırırlar. 

Bir sözlə, 15 iyun olaylarının Ermə­nistan ərazisində baş verməsi ilə bağlı səsləndirilən fikirlər absurddur və təxri­bata görə üzr istəməli olan İrəvanın bu açıqlaması ölkəmizə qarşı növbəti ərazi iddiasıdır. 

Nankordan tarixi himayədarına “güllə hədiyyəsi”

Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi A.Badalyan açıqlamasın­da Rusiya tərəfinə qarşı silsilə ittiham­lar da irəli sürüb. O, iddia edib ki, Rusiya açıq şəkildə Azərbaycanın maraqlarını müdafiə edir və onunla birlikdə “Ermə­nistan ərazisində” Azərbaycan bayrağını ucaldır.

Badalyanın bu açıqlaması cəfəngiyyat olmaqla yanaşı, tarixi erməni nankorluğu­nun davamıdır. Məlumdur ki, Rusiya sül­hməramlıları 10 noyabr üçtərəfli Bəyana­tının imzalandığı gündən bu vaxta qədər, Ermənistanın maraqlarının müdafəsində dayanıb, separatçıların məskunlaşdığı Xankəndi və ətraf ərazilərə qanunsuz silah-sursat daşınmasında bilavasitə işti­rak ediblər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bununla bağlı verdi­yi çoxsaylı bəyanatlar bunun sübutudur. Rusiyanın Ermənistana iqtisadi-siyasi müstəvidə də ciddi yardımlar göstərdiyini nəzərə alsaq, Badalyanın son açıqlama­sı ilə bütün bu faktları çox asanlıqla heçə saydığı aydın olar. 

Ən maraqlısı isə budur ki, Rusiya tərəfini ittiham edən Ermənistan XİN-in rəsmisi 15 iyun tarixində Azərbaycan hərbçiləri ilə yanaşı, öz missiyalarını həyata keçirən rus hərbçilərini nə üçün atəşə tutduqlarına toxunmayıb. Görünür, Badalyan da anlayıb ki, ölkəsinin tarixi hi­mayədarı qismində çıxış edən Moskvaya təqdim etdikləri “güllə hədiyyəsi”ni əsas­landıracaq heç bir arqument yoxdur. 

Laçın yolunun bağlanmasının səbəbkarı Ermənistandır

Açıqlamasında Laçın yolunun bağlan­ması ilə Xankəndidəki ermənilərin, guya humanitar fəlakətlə üz-üzə qaldığınadan dəm vuran Ani Badalyan, buna görə mə­suliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışıb. Halbuki yolun məhz 15 iyun təxribatı nəticəsində bağlandığı məlumdur və Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, məlum təxribatın hərtərəf­li araşdırılması, müqəssirlərin müəyyən edilməsi, nəzarət-buraxılış məntəqəsin­dən təhlükəsiz keçidin bərpa olunma­sından sonra Laçın nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti təmin ediləcək. 

Xankəndidəki ağır xəstələrin Ermə­nistana aparılmasında, habelə ərzaq tə­minatında çətinliklərin meydana çıxması ilə bağlı deyilənlər də tamamilə cəfəngiy­yatdır. Azərbaycan hər zaman Xankəndi ermənilərinin normal sosial həyatlarını davam etdirmələri üçün əlindən gələ­ni edib və bu gün də köməyə ehtiyacı olan hər bir Qarabağ ermənisinə yardım göstərməyə hazırdır. Əgər İrəvan Laçın yolunun bağlı qalmasından bu qədər na­rahatdırsa, o zaman 15 iyun təxribatının müqəssirlərini Azərbaycana təhvil vermə­li və bununla da baş verənlərin özünün planlı təxribatı olmadığını isbat etməlidir. Əks təqdirdə, sadəcə Laçın yolunun de­yil, Ermənistanın gələcəyi ilə bağlı da bir çox məsələ bağlı qalacaq. 

 

Seymur ƏLİYEV

Siyasət