Ermənistanın ictimai rəyində Fransanın ermənipərəstliyini tənqid edən bir fikir çox populyardır. Həmin fikrə görə, Paris müxtəlif qətnamələrin çıxarılmasına təşəbbüs göstərməklə, İrəvana ancaq sözdə dəstək verir, əməldə isə ortada heç nə yoxdur. Bu baxışın təmsilçiləri, eyni zamanda, belə qənaətdədirlər ki, sözdə dəstək Ermənistan hakimiyyətinin illüziyalara qapılmasına səbəb olur. İllüziyalara qapılmaq isə yekunda xoşagəlməz nəticələr doğurur.
Ona görə də Fransa, əslində, canfəşanlığı ilə Ermənistana zərər vurur. Söhbət Azərbaycanla münasibətlər baxımından olan zərərdən gedir. Yəni, İrəvan rəsmiləri ürəklənərək, maksimalist iddialar səsləndirirlər, Bakının buna qarşı çıxması isə Ermənistan üçün növbəti uğursuzluğa səbəb olur.
İndi bu deyimi Avropa Şurasının Parlament Assambleyası ilə bağlı da söyləmək mümkündür. Qurum “Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkətin təmin edilməsi” adlı qətnamə qəbul edib ki, həmin sənəd Azərbaycana qarşı qərəzin növbəti bariz nümunəsi olmaqla yanaşı, ermənipərəstliyin də aşkar təzahürüdür.
Nəzərə alsaq ki, belə sənədlər İrəvanın illüziyalara qapılması reallığını doğurur, deməli, qətnamə yekun nəticədə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də zərbə vurur. Bunu AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində vurğulayıb. Yeri gəlmişkən, Səməd müəllim Fransa amilini də önə çəkib: “Azərbaycanın ərazilərinin təhlükəsizliyini, erməni əsilli vətəndaşlarının təhlükəsiz, sərbəst giriş-çıxışını təmin etməsi ilə vəziyyətin normallaşmağa doğru getdiyini görən erməni separatçılar və onların hamiləri bu məsələni assambleyanın gündəminə gətirmək məqsədilə yenidən təxribatlara əl atdılar. Əlbəttə, bu məruzə ilə bağlı əlavə məlumatlar verib, fikrimizi bildirmişik. Məruzədən kənar geniş maarifləndirmə işi aparmışıq. Bildirmişik ki, bu məruzə Ermənistan-Azərbaycan sülh danışıqlarına ağır zərbədir. Təəssüf ki, AŞPA Fransanın yolunu seçir və bu, təsadüfi deyil, çünki AŞPA-nın qərargahı Fransada yerləşir”.
***
Fransa barədə deyəcəklərimizi axıra saxlayaq. Əvvəlcə onu bildirək ki, Laçın yolundakı vəziyyətin müzakirəsi ilə bağlı təklifi AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsi verib. Komitə bu ilin martında daha əvvəl Azərbaycan-Ermənistan münaqişəsinin humanitar fəsadlarına dair hesabatın müəllifi olan irlandiyalı deputat Pol Qavanı “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda məruzəçi təyin etmişdi. Qurumun may ayında gerçəkləşmiş toplantısında isə hesabatın adı “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” olaraq dəyişdirilmiş və yay sessiyasında müzakirəyə çıxarılması qərarlaşdırılmışdı. Bu məqama diqqət yetirən S.Seyidov, həmçinin AŞPA-da Azərbaycana qarşı qeyri-obyektiv mühitin hökm sürməsindən də söz açıb: “Təəssüf ki, Avropa Şurası Parlament Assambleyasında ikili standartlar hələ də davam edir. Debatlarda Azərbaycanla bağlı qeyri-obyektiv və reallıqdan uzaq məruzə dinlənildi. Məruzənin müəllifi irlandiyalı deputat Pol Qavandır. Laçın dəhlizi ilə bağlı məruzəni hələ yanvar ayından gündəliyə salmaq istəyirdilər. Ancaq o vaxt ermənilər buna nail ola bilmədilər”.
***
Bəli, deməli, hazırda Ermənistan “istəyinə” nail olmuş durumdadır. İyunun 22-də keçirilmiş müzakirədə qəbul edilmiş qətnamədəki qeyri-obyektivlik isə onun “Laçın dəhlizi” məntiqinə köklənməsidir. Sənədin ermənipərəst mahiyyəti, ilk növbədə bundan görünür. Bu mahiyyət sərhəd məntiqini tamamilə inkar edir. Sanki Azərbaycanla Ermənistan arasında sərhəd olmalı deyilmiş...
Ermənistana səfərindən, Laçın dəhlizinə yaxınlaşmaq cəhdindən, guya, Azərbaycanın bunu reallaşdırmaq imkanı tanımamasından, Qarabağda humanitar böhranın dərinləşməsindən bəhs edən Pol Qavanın daha bir cəfəngiyyatı şərti sərhədin Azərbaycan tərəfində faşist təşkilatlarının təmsilçilərinin olduğunu iddia etməsindədir. Deyəsən, cənab Qavan yuxusunu qarışdırıb. Heç şübhəsiz, erməni xəstəliyindəki ənənəvi qarabasmada “Boz qurdlar” var, Qavanın da gözünə onlar “görünüb”.
Diqqət yetirək, irlandiyalı parlamentari Ermənistanı və Azərbaycanı Avropa Şurası ilə daha sıx əməkdaşlığa, azlıqların hüquqlarını və milli kimliyini qoruyacaq fundamental sənədlər qəbul etməyə çağırıb. Deməli, ayının min oyunu bir armudun başında imiş. Qavan Ermənistan rəhbərliyinin Azərbaycanla sülh prosesinə dürtmək istədiyi tezisi səsləndirir. Yəni, faktiki olaraq deyir ki, Qarabağ erməniləri ilə bağlı xüsusi beynəlxalq sənəd olsun. Bu sənəd isə hazırda 86,6 min kvadratkilometrlik ərazidə Azərbaycanın suveren hüquqlarını tanıyan İrəvana gələcəkdə Qarabağda işğalçılıq niyyətləri gerçəkləşdirmək naminə lazımdır.
***
Bəli, Ermənistana perspektiv qəsbkarlıq niyyətləri üçün tutacaq yer, bir növ, baza lazımdır. Oxşar “məram” digər istiqamətlər üzrə də özünü göstərib. Məsələn, İrəvan ötən il Ağdamdakı bir tarixi abidənin erməni mirası kimi rəsmiləşməsi üçün beynəlxalq məhkəmədə iddia qaldırmışdı. Təsəvvür edin, abidə Azərbaycan ərazisindədir, İrəvan istəyib ki, sənəddə onun Ermənistana məxsusluğu təsdiqini tapsın. Bu isə gələcəkdə işğalçılıq üçün əsas verən amildir. Nəzəri baxımdan yanaşsaq, haylar belə hesablayıblar ki, abidə erməni mirasıdırsa, deməli, həmin mirasın yerləşdiyi torpağın da Ermənistana məxsusluğunu mübahisələndirmək mümkündür. Yəni, ortada bu qədər incə düşünülmüş böyük həyasızlıq var.
Eyni “dəst-xətt” Qarabağ erməniləri ilə bağlı da götürülür. Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsində onların hüquq və təhlükəsizliyinə dair beynəlxalq təminatlı hansısa müddəa yer alsa, bu, bölgənin sakinlərini xüsusi imtiyazlı təbəqəyə çevirəcəkdir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti vaxtilə erməni avantürizminə necə qol-qanad vermişdisə, hazırda da oxşar yolun gedilməsini istəyən qüvvələr var. O qüvvələr indidən Azərbaycanın nə zamansa zəifləməsinə sərmayə yatırmaq yolu tuturlar. Bu məqsədlə AŞPA-nı alətə çevirirlər. Pol Qavan da məhz erməni avantürizminin qurumu alətə çevirmək niyyəti güdən elementlərindən biridir.
***
Ermənistan hakimiyyətinin Bakı-İrəvan sülh nizamlamasına dürtməyə çalışdığı növbəti məqam da var. Bu, az əvvəl qeyd etdiyimiz sarsaqlığın, bir növ, davamıdır. AŞPA-nın qətnaməsində vurğulanır ki, hazırda bölgədəki vəziyyət qeyri-sabitdir və münaqişə həll olunmasa, bu, erməni əhalisinin öz evlərini və icmalarını tərk etmək məcburiyyətində qalmasına gətirib çıxara bilər. Bu səbəbdən assambleya ölkəmizi “Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin Bakı və Stepanakert (Xankəndi – red.) arasında dialoq yolu ilə dərhal həllinə”, habelə sülhyönümlü siyasətin tətbiqi üçün beynəlxalq mexanizmin yaradılmasına çağırır.
Bu frazada da aşkar ermənipərəstlik meylini görə bilərik. Nəzərə alaq ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərini Bakı ilə dialoq aparan tərəf qismində görür. AŞPA da məsələyə mövcud kontekstdən yanaşır və qurum üçün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi məntiqi keçərsizdir. Müvafiq olaraq, assambleya Azərbaycan rəhbərliyinin həmin əhalinin Bakıya danışıqlar üçün dəvətlərini və bu dəvətlərin qulaqardına vurulmasını görməzdən gəlir. Halbuki konstruktiv münasibət belə yanaşmanı inkar edir. Böyük anlamda, AŞPA-nın inkar etdiyi ölkəmizin ərazi bütövlüyüdür.
***
Ancaq AŞPA bir məqamda, müəyyən mənada haqlıdır. Əgər buna haqlılıq demək mümkündürsə. Yəni yuxarıda da diqqətə çatdırdığımız kimi, münaqişə həll olunmasa, bu, erməni əhalisinin öz evlərini və icmalarını tərk etmək məcburiyyətində qalmalarına gətirəcək. Azərbaycan məsələnin belə qoyuluşuna razı olmadığını hər addımında göstərir. Haqqında az əvvəl söz açdığımız dəvətlər də xoş məramın ifadəsidir. Ancaq Prezident İlham Əliyevin mayın 28-də Laçında yerli əhali ilə görüşdə bildirdiklərindən belə qənaətə gəlmək mümkündür ki, dəvətlər davamlı şəkil ala bilməz. Bakı öz əlini uzadır, onu sıxmaq mədəniyyətdir, etinasızlıq isə yolverilməzdir. AŞPA-nın qətnaməsi hazırda həmin etinasızlığa haqq qazandırmaq niyyətidir.
Ən pisi isə budur ki, sənəd Qarabağda separatçılığın saxlanılması üçün mənəvi və hüquqi mühit formalaşdırmaq cəhdidir. Azərbaycan bu cəhdin qarşısını almaq istiqamətindəki qətiyyətini davam etdirəcəkdir. Əgər Qarabağın sıravi erməniləri də ölkəmizin rəhbərliyinin xoş mövqeyinə adekvat yanaşmayacaqlarsa, AŞPA-nın qətnamə məntiqi ilə desək, evlərini və icmalarını tərk etmək məcburiyyətində qalacaqlar. Düşünmək və qərar vermək növbəsi onlarındır. Söhbət Qarabağın erməni əhalisinin bölgəni tərk etmək məcburiyyətindən düşmüşkən, bir vacib məqamı da vurğulayaq ki, hazırda AŞPA-nın qətnaməsində ermənipərəstliyin fərqli mahiyyəti də duyulmaqdadır.
Aydındır ki, dünya erməniliyinə ermənilərin Azərbaycanın yursdiksiyasında yaşamaları kimi bir reallıq tam yaddır. Ermənistan hakimiyyəti bu niyyəti bir qədər pərdələyərək, Azərbaycanla danışıqlarda onların hüquqları və təhlükəsizliyinə beynəlxalq təminatdan dəm vurursa, daha böyük plan Qarabağı ayrıca dövlət şəklində görmək, sonra onun “Böyük Ermənistan” xülyasının tərkib hissəsi kimi, Ermənistan Respublikasına birləşdirməkdir.
Bakı bu “gedişlərin” mahiyyətindən xəbərdardır. Ona görə mövqeyində prinsipialdır. AŞPA isə eyham vurur ki, ölkəmizin prinsipiallığı nəticəsində Qarabağda erməni əhali qalmayacaqdır. Deməli, dünya erməniliyinin və avantürizminin “ermənilərsiz Qarabağ” formulu işə düşəcəkdir. Bu “formula” görə, Azərbaycanın tam və sözsüz hakimiyyətində olacaq Qarabağda erməni yaşamamalı və Qarabağ erməni niskilinə, gələcək qəsbkarlıq niyyətlərinin ideoloji motivinə çevrilməli, alt qatına keçməlidir.
Bəli, faktiki olaraq AŞPA da sıravi erməniləri düşünmədiyini, əsl həqiqətlərə göz yumaraq, ancaq erməni ekstremist millətçiliyinin mənafelərini əsas götürdüyünü ortaya qoyur. Assambleya beləliklə, həm də, Avropa Şurasının bəyan etdiyi prinsipləri satmış duruma düşür. Nəzərə alaq ki, Azərbaycanın torpaqlarının 30 ilə qədər davam etmiş işğalı dövründə, AŞPA-nın qəsbkarlığa son qoyulması ilə bağlı qətnamələri və çağırışları olub. Hazırda qurum həmin sənədləri də heçə saymaqdadır. Bu baxımdan ortada kifayət qədər təzadlı mənzərə var ki, buna AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov da münasibət bildirib: “Proseslər göstərir ki, Azərbaycan ilə Ermənistan arasındakı birbaşa danışıqların alternativi yoxdur. Bunu iki gün əvvəl Avropa Şurasının baş katibi də sessiyadakı çıxışı zamanı açıq şəkildə dedi. İndi bu təşkilatda paradoksal vəziyyət yaranıb. Baş katib tərəflərin birbaşa görüşünün tərəfdarı olduğu və bunu yüksək tribunadan bəyan etdiyi halda, Parlament Assambleyasında reallığı əks etdirməyən məruzə dinləməyə çıxarılır və iki ölkə arasında danışıqlara müdaxilə etməyə cəhd göstərilir. Belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir. Bu isə mümkün deyil. Qarabağ məsələsi artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlarla danışıq isə daxili işimizdir”.
***
Azərbaycan tərəfindən “Laçın dəhlizini blokadaya alınmasının humanitar və hüquqi nəticələrindən” bəhs edən qətnamədəki anti-Azərbaycan motivlərindən biri, orada “Dağlıq Qarabağ” ifadəsinin işlənməsidir. Bu, ölkəmizin bütövlüyünə, dövlətimizin suveren əsaslarla formalaşdırdığı inzibati ərazi bölgüsü prinsipinə hörmətsizlikdir. Nəzərə alaq ki, Azərbaycanda Qarabağ iqtisadi rayonu var, Dağlıq Qarabağ adlı vahid yoxdur.
Daha bir məqama diqqət yetirək. Qətnamədə “Laçın dəhlizi və Dağlıq Qarabağ üzrə təcili beynəlxalq faktaraşdırıcı missiyanın yaradılmasının zəruriliyi” vurğulanır, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsi qərarlarına dərhal əməl etməyə, eləcə də “Dağlıq Qarabağın enerji və qaz təchizatının bərpasına” çağırılır. Daha bir çağırış isə digər beynəlxalq təşkilatların, o cümlədən BMT agentliklərinin regiona çıxışına icazə verilməsi ilə bağlıdır. Bundan başqa, assambleya Azərbaycanı vəziyyəti yerində qiymətləndirmək üçün Avropa Şurasının nümayəndə heyətini tanışlıq missiyası ilə Laçın dəhlizinə və “Dağlıq Qarabağa” səfərə dəvət etməyə çağırır.
Sual yaranır: Azərbaycan olmayan yerə kimisə necə dəvət etsin. Bizim üçün “Dağlıq Qarabağ” adlı heç nə yoxdur. Digər tərəfdən, söhbət ənənəvi missiya məntiqindən gedir və bu ermənipərəstlərin, konkret olaraq Fransanın irəli sürdüyü tezisdir. Axı, Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan hissəsində Avropa İttifaqının mülki müşahidə missiyası fəaliyyətdədir. O missiya ki, ilhamvericisi qismində çıxış edən Parisdir və Bakı onun öz tərəfində fəaliyyətinə razılıq vermir. Bunu Azərbaycan-Ermənistan danışıqlarının indiki axarına zidd təmayül kimi qiymətləndirir və mövqeyində haqlıdır. Çünki Fransa qlobal miqyasda Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna qarşı çıxır. Bakı isə öz ərazisində üçüncü tərəfə, yəni Moskvaya qarşı siyasi plasdarm açılmasına razılıq vermir.
Onu da vurğulamaq lazımdır ki, Ermənistan hakimiyyəti bölgədə, belə demək mümkünsə, beynəlxalq sıxlıq yaratmaq və bu yolla əsil həqiqətlərdən diqqəti yayındırmaq, manipulyasiyaya yol verərək, hazırda Azərbaycanın xeyrinə olan vəziyyəti dəyişmək, bütövlükdə Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşdırmaq istəyir ki, 44 günlük müharibə ilə itirdiklərini sığortalamaq şansı qazansın. Əslində, Beynəlxalq Ədalət Məhkəməsinin və Avropa İnsan Haqları Məhkəməsinin qərarları da buna xidmət edirdi. Baxmayaraq ki, oradakı öhdəlik şəklində bölgənin enerji təchizatı əsas götürülməkdədir. (Həmin qərarlara AŞPA-nın qətnaməsində də istinad olunur.)
Sual olunur: Qarabağ ermənilərinin təminatı ilə bağlı Azərbaycanın, yəni bölgənin beynəlxalq hüquqla təsbit edilmiş sahibinin bildirdiklərinə nə üçün əhəmiyyət verilmir? Hesab edək ki, hazırda Qarabağa enerji təchizatını Ermənistan həyata keçirir. Nəyə görə suveren Azərbaycan ərazisinə sosial təminatı hansısa kənar ölkə reallaşdırmalıdır? Bəlkə avropalılar düşünür ki, Qarabağda separatçılıq saxlanılmalı, Bakı isə onun bəslənməsi üçün kömək göstərməlidir?! Onlardan nə desən gözləmək olar... Əlbəttə, AŞPA bu kimi suallara cavab vermir bir yana, heç cavab vermək niyyətində də deyil.
Əvəzində Azərbaycana ermənilərə qarşı istifadə olunan düşmənçilik ritorikasından və hədə-qorxudan əl çəkməyə yönəlmiş çağırış səsləndirir. Sanki Ermənistanda, ümumən ermənilər arasında azərbaycanlılara qarşı xoş münasibət mövcuddur. Elə bil otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan, ölkəmizin bir milyona yaxın vətəndaşının çadır şəhərciklərində, vaqonlarda yaşamalarına, xəstəliklərlə üzləşmələrinə səbəb olmuş erməni nifrəti deyil, nə isə başqa bir şey imiş. Ölkəmizin digər ərazilərində otuz minədək erməninin vətəndaş kimi ömür sürmələrinə rəğmən, ortada AŞPA-dan bu qədər qəddar və ədalətsiz yanaşma var.
***
Azərbaycana qarşı qəddarlığın və ədalətsizliyin müəllifi qismində çıxış edən isə Fransadır. Əvvəldə də AŞPA-nın qərəzli qətnaməsi fonunda bu məqamı vurğulamışdıq. İndi məsələnin üzərində bir qədər də geniş dayanmağa ehtiyac duyuruq. AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri S.Seyidov qurumun qətnaməsinin qərəzli məqamlarından söz açarkən, bildirir ki, Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edir. Vətəndaşlarının təhlükəsizliyini təmin etmək ölkəmizin özünün müəyyənləşdirdiyi öhdəlikdir. Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. “Daxilindəki problemlərə biganə qalan Fransa digər ölkələrdə problemlər axtarışındadır”, – deyən S.Seyidov fikirləri ilə rəsmi Parisin siyasi oyunbazlığının səmərə verməyəcəyinə əminlik yaradır.
Sonda lap əvvəldə vurğuladığımız məqama yenidən qayıdırıq. Fransanın irəli sürdüyü bütün ermənipərəst təşəbbüsləri kimi, bu da zərərlidir. Onun sülhə maneçilik törətdiyindən də söz açdıq. Ümumən, Parisin destruktiv təşəbbüslərinin Ermənistan hakimiyyətində və ölkənin siyasi dairələrində illüziyalar doğurması reallığını nəzərə alsaq, AŞPA-nın iyunun 22-də qəbul etdiyi qərəzli qətnamənin də İrəvana ancaq ziyan verəcəyi gün kimi aydındır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”