Olimpə yüksələn korrupsiya

post-img

Fransa Respublikası dünyada özünü insan hüquq və azadlıqlarının, qanun-qaydanın qoruyucusu kimi göstərir. Başqa ölkələrdən də bunu tələb edir. Amma gərək ölkə əvvəl özü şəffaflıqda digərlərinə nümunə olsun. Fransa polisinin 2024-cü ilin iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunları (Paris-2024) Təşkilat Komitəsinin ofislərində iki axtarış həyata keçirməsi isə Parisin öz gözündə tiri görməyib, özgə gözündə tük axtarmasından xəbər verir.

Birinci axtarış müqavilələr və dövlət vəsaitləri ilə iş zamanı üzə çıxan maliyyə pozuntuları ilə bağlı­dır. Bildirilib ki, polis Yay Olimpiya Oyunları Təşkilat Komitəsinin ofisləri, eləcə də oyunlar üçün tikinti və infrastrukturun böyük hissəsinə cavabdeh olan SOLIDEO dövlət orqanının baş qərargahı da daxil olmaqla, bir neçə obyektdə axtarış aparıb. İlkin araşdırmalar zamanı maraqların toqquşması, döv­lət vəsaitinin mənimsənilməsi və bir neçə müqavilə üzrə üstün münasibət faktları üzə çıxıb. İkinci axta­rış isə 2022-ci ildə Fransa polisinin digər ixtisaslaş­mış maliyyə bölməsi tərəfindən başladılan proses çərçivəsində keçirilib.

Olimpiya Oyunlarının təşkili zamanı böyük maliyyə pozuntularına yol verilməsi istiqamətin­də araşdırmalar barədə nüfuzlu CNN kanalı geniş reportaj hazırlayıb. Təşkilat komitəsinin sözçüsü Conatan Firpo maliyyə polisinin göstərişi ilə axtarış­ların aparıldığını təsdiqləyib. Həmçinin Fransa Milli Prokurorluğu da SOLIDEO-nun baş qərargahında reyd keçirildiyini təsdiqləyən açıqlama verib.

Qeyd edək ki, bu ilin mayında Fran­sa Milli Olimpiya və İdman Komitəsinin rəhbəri Bricit Henrikes istefa vermişdi. Onun istefasının da korrupsiya halları ilə bağlı olduğu bildirilmişdi. Qurumun keçmiş prezidenti Denis Masselya onu korrupsiya və maliyyə fırıldaqlıqlarında ittiham etmişdi. Həm sabiq preziden­tin ittihamı, həm də bugünlərdə polisin apardığı reydlər deməyə əsas verir ki, gələn il Parisdə keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunlarından öncə, hətta ilkin hazırlıq mərhələsində iri kor­rupsiya oyunlarına start verilib. Baş verənlər Olimpiya Oyunları kimi mötə­bər tədbirin şəffaf təşkilinə böyük kölgə salmaqla yanaşı, bütövlükdə, oyunların normal atmosferdə baş tutmayacağını deməyə əsas verir.

***

Gəlin, bu əsasları yaradan amillərə diqqət yetirək. Nəzərə almaq lazımdır ki, Fransa Avropada ksenofobiyanın bariz nümunələrindən sayılan islamo­fobiya meyillərinin geniş vüsət aldığı ölkələrdəndir. Avropa İttifaqının aparıcı dövlətlərindən biri, milli devizi “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransada 5,7 milyondan çox müsəlman yaşayır. Bildi­rilir ki, bu da ölkə əhalisinin təxminən 8,8 faizi deməkdir. Bu, bütün Avropa ölkələri arasında ən yüksək göstərici­dir. İslam dini tərəfdarlarının sayına və əhəmiyyətinə görə Fransada ikinci, bö­yümə sürəti baxımından isə birincidir. Buna baxmayaraq, müsəlmanların təqib və təhqir olunması Fransada adi hala çevrilib. Avropaya miqrant axını fonun­da daha geniş miqyas alan bu proses müsəlmanlara qarşı qadağaların artma­sı ilə müşahidə olunmaqdadır. Fransada məscidlərin inşasına icazə verilməməsi, hicab qadağasının genişlənməsi, ifa­də azadlığı adı altında müsəlmanların müqəddəs inanclarının, görkəmli şəx­siyyətlərinin təhqir edilməsi günümüzün acı reallıqlarındandır. Bu addımları isə təbii ki, böyük siyasi dəstək, Fransa rəh­bərliyinin iradəsi olmadan həyata keçir­mək mümkün deyil.

“İslam dini hazırda bütün dünyada böhran yaşayır”, “Fransada İslamı xarici təsirdən azad etmək lazımdır” kimi bə­yanatların müəllifi məhz Fransa Prezi­denti Emmanuel Makrondur. Bu, həmin E.Makrondur ki, Fransada multikultura­lizmin hökm sürəcəyi inklüziv, açıq və mükəmməl cəmiyyətin qurulacağı vədi ilə 2017-ci ildə prezident seçilib, 2022-ci ildə isə vəzifəsini qoruyub saxlayıb. Belə vədlər verən şəxsin prezidentliyi dövründə islamofobiya hallarının daha da artması diqqətdən yayınmır. İslam dini əleyhinə sistemli işin tərkib hissələ­rini Fransada müsəlman təşkilatlarına tətbiq edilən “İslam təməlçiliyinə qarşı dirəniş cəmiyyəti” layihəsi, “İslam se­paratizmi” əleyhinə qanun və Fransa İslamının Prinsipləri Xartiyası təşkil edir. Bu qanunlar mövcud siyasi hakimiyyətin təşəbbüsü ilə qəbul edilib.

İslam ölkələri və müsəlmanlara qar­şı törətdiyi cinayətlər baxımından Fran­sa ləkəli keçmişə sahibdir. Yer üzündə, ümumilikdə, 50-dən artıq dövlətin əra­zisini işğal etmiş, insanlıq və bəşəriy­yət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisini soyqırımına məruz qoyan Fransadır. Fransanın Əlcəzair­də üsyankar liderlərin öldürüldükdən sonra meyitlərinin verilməməsi, onla­rın sümüklərinin qalıqlarının sonradan Fransaya aparılması bu ölkənin tarixin­dəki ən böyük utanclardandır. Belə üs­yançılardan biri misirli mücahid Musa Darkavidir. Fransız işğalına qarşı 13 il mübarizə aparan Musa 1847-ci ildə Əlcəzairin şərqindəki Biskra şəhərinin darvazasından asılıb, sonra isə 22 mü­cahidlə birlikdə başı kəsilib. Onun kəl­ləsi daha sonra 2020-ci ildə Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilmək üçün Fransaya aparılıb. Bu, Əlcəzairin sonradan geri qaytarmağa nail olduğu kəllələrdən biridir. Əlcəzairli tarixçi Əli Fərid Belkadi 2010-2011-ci il­lərdə Fransa və ümumilikdə, Avropanın əsas “qələbə muzeyləri”ndə araşdırma aparıb. O, muzeylərdə 68 soydaşının kəlləsini aşkar edib. Ümumilikdə, Fran­sanın Trokadero meydanında yerləşən İnsan Muzeyində 18 mindən çox kəllə var ki, onların əksəriyyətinin ictimaiy­yətə nümayişi bağlıdır.

Tarixçi bu mövzunu ictimailəşdirdik­dən sonra Fransa Prezidenti E.Makron 24 kəllənin Əlcəzairə qaytarılmasına ra­zılıq verib. Onlar 2020-ci il martın 3-də geri qaytarılıb. 150 ildən çox muzeydə nümayiş etdirilən 24 kəllə arasında Əl­cəzairin Fransa işğalına qarşı müqa­vimət hərəkatının altı liderinin qalıqları da var. Onlar hələ də muzeydə saxla­nılır. Bundan əlavə, hazırda muzeydə müstəmləkəçiliyə qarşı mübarizə apar­mış 12 əlcəzairlinin kəllə sümüyü nüma­yiş olunmaqdadır.

18 mindən çox kəllənin böyük ək­səriyyətinin Fransa üçün hərbi qənimət olduğu bildirilir. Eyni zamanda, Fran­sa tərəfi bunu kəllələrin antropoloji məqsədlər üçün saxlanması ilə əsas­landırır. Yeri gəlmişkən, adıçəkilən mu­zey 21 maori döyüşçünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Tarixi ənənələ­rinə sadiq qalan Beşinci Respublikada (müasir Fransa qeyri-rəsmi olaraq belə adlandırılır) müsəlmanlara, həmçinin qaradərili əhaliyə münasibətdə irqçi meyllər daha da artmaqdadır.

***

Bundan əlavə, antisemitizm də Fran­sa cəmiyyətində dərin kök salıb. Statisti­kaya əsasən, son illərdə Fransadan on minlərlə yəhudi köç edib. Günümüzdə Korsika adasında yerli xalqa qarşı an­ti-humanist yanaşma Fransanın əsil si­masını göstərən real mənzərədir. Bütün bunların üzərinə Fransanın güc struk­turlarının, konkret olaraq yerli polisinin vətəndaşla davranışı, zorakılıq aktla­rına yol verilməsi, sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulması ilə bağlı baş verənləri də gəlsək, Olimpiya Oyunlarının belə bir ölkədə keçirilməsi­nin nə dərəcədə məqsədəuyğun olması sualı ortaya çıxır. Çünki Olimpiya Oyun­ları təkcə böyük idman bayramı deyil, dostluğun, qardaşlığın, sağlam rəqabət mühitinin, saf hisslərin dünya miqya­sında təcəssümü və təbliğidir. Olimpiya Oyunları idman, ictimai-siyasi, iqtisadi və mədəni fenomenləri özündə birləş­dirir. Bugünkü Fransa isə bu keyfiyyət­lərdən məhrumdur. İslamofobiyanın, narkomaniyanın geniş yayıldığı, digər millətlərə qarşı ayrı-seçkilik, başqa din­lərə dözümsüzlük sərgilənən Fransanın real durumu Olimpiya Oyunlarının ruhu­na ziddir.

 

İlqar VƏLİZADƏ, 

politoloq

– Çoxillik müşahidələr göstərir ki, Fransanın hazırkı hakimiyyəti çox tə­zadlı siyasət yürüdür. Fransa, Azər­baycan da daxil olmaqla, bir sıra inki­şaf etməkdə olan ölkələri üçün arbitr rolunu oynamaq istəyir. Bu niyyətini heç gizlətmir də. Müəyyən məsələlər­də mentor rolunu öz üzərinə götürür. Bəzi ölkələrə nəyisə öyrətmək, han­sısa prinsipləri aşılamaq istəyir. Hər­çənd ki, heç kim ona bu rolu həvalə etməyib. Ancaq Fransa rəhbərliyinə daxil olan şəxslər daxili siyasətə fikir versə, kobud səhvlər buraxdıqlarını görə bilərlər. Olimpiya Oyunları Təş­kilat Komitəsinin ofislərində aparılan yoxlamalar aysberqin görünən tərəfi­dir. Korsikada, Yeni Kaledoniyada və digər faktiki müstəmləkə ərazilərində yaşayan insanların problemlərinə göz yumurlar. Digər tərəfdən, Fransa Milli Azlıqlara dair Avropa Xartiyasını qə­bul etmir. Bu xartiya bilavasitə milli azlıqların dilini, mədəniyyətini, milli identikliyini qorumağı özündə ehtiva edən sənəddir. Sənəd 2007-ci ildə qəbul olunub və bir çox ölkələr üçün əsasdır. Paris bu sənədi imzalamaq­dan indiyədək imtina edir.

Yaxud, korsikalıları götürək. Onlar italyan dilinin dialektində danışırlar. Ümumiyyətlə, fransızlara aid etnik qrup deyillər. Ancaq Paris korsikalıla­rı, həmçinin ölkənin şimal-qərbindəki Bretan regionunda yaşayan keltləri fransız adlandırır. Yəni, onların etnik mənsubiyyəti rədd edilir. Bu normalar Fransa Konstitusiyasında təsbit olu­nub. Əslində, konstitusiya milli azlıq­ların hüquqlarını kobud şəkildə pozur. Bunun ekspertizası aparılmalıdır. An­caq bunu heç kim etmir.

Müsəlmanlar isə Fransada, demək olar ki, gettolarda yaşayırlar. Parisdə 13-cü rayon adlanan yer var. Orada milli və dini azlıqlar yaşayırlar. Fransada yaşayanlar özləri oranı get­to adlandırır. Marseldə də belə yerlər mövcuddur. Bununla bağlı tənqidi çıxışlar var, yazılar yazılıb, hətta çox populyar olan bədii filmlər də çəki­lib. Çünki daxili siyasi diskurslarda bu mövzu həmişə aktualdır. Buna baxmayaraq Fransa başqa ölkələrə meydan oxumaq, yaxud dərs keçmək istəyir. Bu təzadlı siyasət müsəlman ölkələri ilə dəfələrlə böhranlara sə­bəb olub. Fransanın dünyada nüfuzu çox aşağı düşüb. Makronun səfərlə­ri zamanı biz görürük ki, onu qəbul edən tərəf Parisə açıq iradlar bildirir. Biz bunu Makronun Konqoya bu ilin martında etdiyi səfər zamanı da gör­dük. Təəssüf ki, Paris bu tənqidlərdən nəticə çıxarmır. Makron bütün şərtləri pozaraq, qırmızı xətləri keçərək bu cür kobud səhvlərlə dolu siyasət yü­rütməkdə davam edir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət