Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
Zəfərimizlə başa çatan Vətən müharibədən sonra Azərbaycan Ordusunun daha da gücləndirilməsi, onun ən müasir silahlarla təchiz edilməsi, yeni qoşun növlərinin yaradılması prioritet sayılıb.
Biz yaxşı başa düşürük ki, bölgəmizdə, xüsusən Ermənistanda hələ də gücün hesabına vəziyyəti dəyişməyə meyilli revanşist qüvvələr var. Bu reallığı nəzərə almaya bilmərik və məhz buna görə ordumuzun gücləndirilməsi bir nömrəli vəzifəmizdir. Azərbaycan hakimiyyəti bundan ötrü bütün zəruri tədbirləri yüksək peşakarlıqla həyata keçirir.
Dünən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə döyüş bayrağını təqdim edib. Tədbirdə çıxış edən dövlətimizin başçısı Silahlı Qüvvələr Günü ərəfəsində ölkəmizdə növbəti komando hərbi hissəsinin açılışını çox əlamətdar hadisə kimi dəyərləndirib: “Bildiyiniz kimi, Vətən müharibəsindən sonra mənim göstərişimlə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”.
Hər bir addımımızın arxasında güclü siyasi iradə dayanıb
Ali Baş Komandan İlham Əliyev çıxışında iki ay əvvəl Ermənistan-Azərbaycan şərti sərhədində, Laçın yolunun üstündə Həkəri sərhəd-buraxılış məntəqəsinin yaradılmasını hakimiyyətin çox güclü siyasi iradəsinin göstəricisi olduğunu söylədi: “Azərbaycan-Ermənistan şərti sərhədi istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”. İkinci Qarabağ müharibəsindən sonra hərbi Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev indi bölgədə gündəliyi müəyyən edən tərəfin Azərbaycan olduğunu xüsusi vurğuladı: “Əgər Vətən müharibəsindən sonrakı birinci ayları götürsək, görərik ki, yenə də Ermənistanın havadarları bizə köhnə tezisləri qəbul etdirməyə çalışırdılar. Biz isə bunu qətiyyətlə rədd etdik və bu gün hər kəs görür ki, vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!” .
Əsas şərt: Ermənistan ordusunun tör-töküntüsü Qarabağdan çıxmalıdır
Bəli, ötən ilin oktyabr ayında Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını açıqladı. Cənab Prezident bunun müsbətə doğru atılan bir addım olduğunu söyləməklə bərabər, bundan sonra həmin ifadələrin kağız üzərində olmasının, İrəvanın o sənədə imza atmasının vacibliyini önə çəkdi: “Yalnız bu halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks–təqdirdə, sülh olmayacaq”. Cənab Prezident çıxışında aparılan sülh danışıqlarında Azərbaycanın şərtlərindən birinin Zəngəzur dəhlizinin açılması olduğunu xüsusi qeyd edib. Bunu Azərbaycanın tamamilə haqlı tələbi kimi dəyərləndirən dövlətimizin başçısı İrəvanın bu öhdəliyi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla öz üzərinə götürdüyünü xatırlatdı.
Bakının Ermənistan rəhbərliyindən digər tələbi, eləcə də sülh yolunda vasitəçilik missiyasını həyata keçirən aktorların qarşısında qaldırdığı məsələ Hayastan ordusunun tör-töküntüsünün, bölgədə sabitliyin yaranmasına mane olan separatçı qüvvələrin Qarabağ iqtisadi rayonumuzdan çıxarılmasıdır. Azərbaycan Prezidenti Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri kimi bunu da icra etmədiyini təkcə maraqlı tərəflərin deyil, beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırdı.
Yeni komando hərbi hissəsinin açılış tədbirindəki çıxışının sonunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyinə diqqəti yönəltdi. Ümummilli liderin Azərbaycan Ordusunun formalaşmasında xüsusi rolunu qeyd edən İlham Əliyev hələ sovet dövründə Naxçıvanski adına hərbi məktəbin yaradılmasının Azərbaycanda peşəkar zabit kadrların hazırlanması məqsədini daşıdığını xüsusi olaraq vurğuladı. Düşünürük ki, cənab Prezidentin bu xüsusda fikirləri tədbir iştirakçılarının yaddaşında həmişəlik həkk olunacaq: “Ulu öndərin doğum günündə – 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur”.
Xalq-Dövlət-Ordu vəhdətinin simvoluna çevrilmiş “dəmir yumruq” həm də bu gün doğma torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmış, yağının hücumuna layiq olduğu cavabı verməyə hazır komandoların qürur və güc mənbəyidir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”