İyunun 22-də yenidənqurma və bərpa işlərindən sonra London Milli Portret Qalereyasının açılış mərasimi olacaq. Tənqidçilər, rəssamlar və kuratorlar öz sevimli əsərlərini seçərək tədbirdə iştirak edəcəklər.
Bu portretlər içində rəssam İbrahim əl-Salahi tərəfindən çəkilmiş “Əzabın portreti” adlı rəsm əsəri də var. Biz bu rəsmdə ətrafa çaşqın nəzərlərlə baxan, qeyri-müəyyən ruhi halda olan insan siması görürük.
Tədbirdə nümayiş olunacaq əsərlərdən biri də rəssam Toyin Ojih Odutolanın ingilis yazıçısı Sadienin (Zadie Smith) şərəfinə çəkdiyi “Mən böyük qadınam” adlı portretidir. Bu, Toyinin Britaniyanın ictimai kolleksiyasına daxil olan ilk əsəridir. Qeyd edək ki, bu rəsm London Milli Portret Qalereyasında ilk dəfə nümayiş etdiriləcək.
Açılış iştirakçılarının marağına səbəb olacaq digər bir portret “Ananın ümidsizliyi” adlanır. Florens Ovens Thompsonun 20-ci əsr Amerikasının iç üzünü göstərən bu əsəri ümidsiz insanların ruhuna açılan pəncərədir. Böyük Depressiyanın dəhşətli xarabalığını və kapitalizmin mənfi tərəflərini göstərən bu portret hazırda Londonun Tate Modern Qalereyasında sərgilənir.
Qalereyada 16 əsər nümayiş etdiriləcək.
Qeyd edək ki, əsası 1856-cı ildə qoyulan qalereya dünyanın ilk portret salonudur. Burada yağlı boya ilə çəkilmiş tablolar, miniatürlər, rəsmlər, büstlər və fotolar sərgilənir.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”