İyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.
Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunur.
Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.
Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda, “iTicket.az” saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
(Bilet əldə etmək üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert23)
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq ötən il iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub.
Ölkəmizdə böyük əks-səda doğurmuş konsertdən, sponsorlar və bilet satışından öncədən proqnozlaşdırılandan da artıq – 171 min 257 manat vəsait toplanıb. Toplanan vəsait hesabına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.
“Əziz həmvətənlərimiz, hər kəsi işğaldan azad olunan ərazilərin bərpasını dəstəkləmək üçün konsertə bilet əldə etməyə dəvət edirik. Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir. Həmrəy olaq, Qarabağı birlikdə daha gözəl bərpa edək”, - deyə Fondun məlumatında bildirilib.