Şəmkir rayonunda maraqlı bir təşəbbüs artıq reallaşıb. Rayon icra hakimiyyəti rəhbərliyinin təklifi və yaxından köməyi sayəsində kommunal müəssisələri kombinatının nəzdində daxili tələbatı ödəmək üçün məişət tullantıları konteynerləri istehsalına başlanılıb. Burada həmin işləri həyata keçirmək üçün istehsal sahəsi yaradılıb və bütün texniki avadanlıqlarla təchiz olunub.
Qeyd edək ki, istehsal sahəsində məişət tullantıları konteynerləri ancaq dəmirdən istehsal olunur. Konteynerlərin gövdəsi tək parça halında hazırlanır və metaldan olduqları üçün çox uzun müddət istifadə edilə bilər. Tutumu 1100 litr olan konteynerlərin qırılması və çatlaması ehtimalı yoxdur. Metal konteynerlərin bir yerdən başqa yerə asanlıqla daşınması üçün tutacaqlar düzəldilib və aşağı hissəsində hər tərəfə dönə bilən təkərləri var. Bundan əlavə, çarxlar boltlarla bərkidildiyi üçün istənilən vaxt sökülə bilir.
Rayonda vacib bir problemin həllinin tapılması təqdirəlayiq haldır. Aldığımız məlumata görə, artıq bir neçə rayondan da sifarişlər daxil olub. Təbii ki, bütün bu işlər məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bu günlərdə istehsal sahəsinin işi ilə yaxından tanış olub, öz tövsiyələrini verib, kollektivə uğurlar arzulayıb.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Şəmkir