27 illik işğal dövründə erməni vandallarının Azərbaycan qədim tarixi abidələrinə, dini-mənəvi məbədgahlarına qarşı vəhşilikləri barədə hamımız bilirik. Ermənilərin azərbaycanlıların qədim xristian keçmişini bu günə daşıyan xristian-alban abidələri üzərində də mədəni ekspansiya aparıblar. Bəs bu, necə baş verib?
Bu barədə detallı məlumatları tarixçilər, bu sahə ilə məşğul olan tədqiqatçılar daha dəqiq bilir. Bu minvalla biz də siyasi elmlər üzrə fəlsəfə doktoru, tədqiqatçı Zaur Əliyevin fikirlərini öyrəndik. O bildirdi ki, ermənilər nəinki islam, türk abidələri, Alban (Ağvan) dövrünə aid bütün abidələri erməniləşdirməyə cəhd faktları üzə çıxdı, erməniləşdirməyə nail olmadıqlarını isə ya dağıtdılar, ya da nəzarətsiz qoyub içlərində min oyunlardan çıxdılar. İndi isə dünya mediasında yalandan hay-küy qaldırırlar ki, ay aman, azərbaycanlılar "erməni kilsələrini" dağıdırlar. Bizimkilər isə o abidələrə dair tutarlı fakt "tapa bilmədikləri" üçün cavab verə bilmirlər. Əslində, Alban dövrünə aid bütün tarixi yazılar və mənbələr elə abidələrin özündədir. Sadəcə, daşları hiss etmək və danışdırmaq lazımdır.
Tədqiqatçının sözlərinə görə, ermənilər iddia edirlər ki, guya, Qarabağda olan kilsələr "onlara aiddir". Tutaq ki, bu, elədir. Bəs özlərini "ilk xristian" hesab edən ermənilər Tuğ kəndində olan bu qədim Qtiçavank kilsəsini niyə bu günə salıblar? Məgər, xristian dininin "ilk daşıyıcsı" olan "xalq" belə edə bilərdimi? Sual olunur ki, bu qədim kilsəni niyə qoruyub saxlamaq çətin oldu ermənilərə? Bunun cavabını onlar çox yaxşı bilirlər. Çünki bu kilsə Alban (Ağvan) dövrünə aid olmaqla yanaşı freskası, memarlıq üslubu, üzərində olmuş yazılar, Xaç nümunələri ilə qədim türklərə məxsusdur. Bunları dəyilşmək mümkün olmadığı üçün dağıtdınız və ya baxımsız vəziyyətə saldınız.
Ermənilər Tuğ kilsəsinə haradansa uydurma tarix də yazıblar. Guya, XIII əsrə aid olduğunu iddia edirlər. Ermənilər yaxşı bilirlər ki, XIII əsrdə bu regionda türk dövlətləri var idi, türk xalqı var idi və ən əsası İslam dini var idi. Belə bir dövrdə, belə bir mühitdə bu cürə kilsəni burda o dövrdə olmayan ermənilər necə tikə bilərdi axı?
Z. Əliyev kilsənin gerçək tarixi barədə bunları qeyd etdi:
“9-cu əsrdən qaynaqlarda Tuğ piri kimi adı keçən Qtiçavank kilsəsinin memarlıq üslubu Xudavəng , Kiş və Yeddi kilsə Alban abidələri ilə eynilik təşkil edir. Eyni üslub, eyni freska, tikiliş, mehrab və üzərində olan yazılar və s.
2017-ci ildə qondarma rejim bu kilsə ətrafında arxeoloji qazıntılar apardı. Nəticə ermənilər üçün şok idi. Üzə çıxan bütün yazılar, damğa və simvollar, işarələr Ağvan-Türk mədəniyyətinə aid idi.
Arxeoloji qazıntılar zamanı məlum oldu ki, kilsənin sovet dövründə daşla tikilmiş, sonra isə sement-qum suvağı ilə örtülmüş başqa bir girişi var. Söküləndən sonra məlum olub ki, giriş tağlı olub. Kilsənin şimal divarı və həyəti torpaq qala ilə örtülmüşdür. 20-dən çox məzar daşı aşkar edilmişdir, hamısı yaxşı vəziyyətdədir və görünən ornamentlər türk mədəniyyətinin bir parçası idi.
Bu məlumat İrəvana verilir və əmr gəlir ki, tapılan arxeoloji maddi nümunə, qəbr və yazılar yox edilsin. Və beləliklə, kilsə bugünkü vəziyyətə salınır.
Qtiçavank kilsəsinin tarixi tam dəqiq olmasa da, memarlıq xüsusiyyətlərinə görə eramızın 2-3 əsrinə aiddir. Kilsə ölçüsü 13x22 metr olan bazilikadır. O, düzbucaqlı formaya malikdir, tonozu dörd dirəklə dəstəklənir. Divarların hörgü işində həm yonma, həm də yarımyonma bloklardan istifadə edilmişdir. Sırf Alban memarlığına aiddir.
Kilsə eyni zamanda bir müdafiə qalası rolunu oynayıb. Çünki onun bir tərəfi daş qayaya söykənib.
1136-cı ildə zəlzələ nəticəsində kilsə dağılır, iki yerə bölünür. 13-cü əsrdə yenidən bərpa edilir, amma memarlıq üslubu xətalı olur. 1736-cı ildə Qarabağ mələkləri buranı yenidən təmir edirlər. Rusiyanın işğalından sonra digər alban abidləri kimi bura köçürülən ermənilər tərəfindən mənimsənilməsi baş verir.
Sovet işğalı dövründə bura mədəniyyət mərkəzi olur. Erməni işğalı dövründə isə gördüyünüz şəkilə salınır.
İndi ermənilər beynəlxalq səviyyədə cavab versinlər görək bizə ittiham irəli sürənə qədər Qarabağda məhv etdikləri xristianlığa aid digər abidlər kimi, əsrlər boyu yaşı olan bu abidəni, kilsəni niyə bu günə salıblar ? Məgər xristian kilsələri də ermənilərin düşmənidir ? –deyə, tədqiqatçı bildirib.
Anar ƏLİ,
“Xalq qəzeti”