Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Konsertdə “Şəms-Qəmər” kamera xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Minəxanım Babayeva çıxışında Heydər Əliyevin Azərbaycan musiqisinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb, bu dahi şəxsiyyətin milli-mənəvi irsin qorunmasında və inkişaf etdirilməsində müstəsna rolunun olduğunu deyib:
“Digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də incəsənət adamlarına, musiqiçilərə göstərdiyi xüsusi diqqət və qayğı ulu öndərin səyi nəticəsində olmuşdur. Heydər Əliyev istənilən musiqi əsəri və onun müəllifi haqqında dərin biliklərə sahib bir şəxs idi. İncəsənət sahəsində fəaliyyət göstərən bütün insanlarla söhbətində onun incəsənətə, mədəniyyətə verdiyi dəyər aydın hiss olunurdu. Məhz bunun nəticəsidir ki, bu gün incəsənətin bütün sahələrində inkişaf perspektivləri aydın görünür. Həyatdan köçən incəsənət xadimlərinin yaradıcılıq gecələrinin keçirilməsi, onların ev muzeyinin yaradılması, həmçinin onların adına küçə və prospekt adlarının verilməsi də məhz ulu öndərin daim diqqət mərkəzində olmuşdur”.
Sonra “Konsertmeyster ustalığı” və “İxtisas fortepiano” kafedralarının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın rəhbərlik etdiyi “Sabah” qrupunun IV kurs tələbələri, Respublika və Beynəlxalq Müsabiqələr Laureatları Fidan Yunus, Nigar Hüseynzadə və digər solistlərin ifasında müxtəlif operalardan musiqi nömrələri səsləndirilib.
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”