“Abşeron” qrupu milli rəqslərimizi dünyaya tanıdır

post-img

Lap qədimdən rəqs dünyanın hər yerində gözəllik, şuxluq, çeviklik sənəti kimi yükək dəyərləndirilib, şənliklərin, milli bayramların, mədəni təqdimatların bəzəyinə çevrilib. Qobustanın qayaüstü rəsmləri bu sənətin ölkəmizdə minilliklərdən qaynaqlanıb gəlməsini sübut edir. 

Bugünlərdə dünyaya rəqs təntənə­si yaşadan Beynəlxalq Rəqs Günü Azərbaycanda da geniş qeyd edilib, populyar rəqs qruplarının çıxışları təşkil olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron Rayon Mərkəzi Kitabxanasında həmin gün rayon ictimaiyyəti nümayəndələrinin tanınmış xoreoqraf Elşən Həsənlinin rəhbərlik etdiyi “Abşeron” rəqs an­samblının üzvləri ilə görüş keçirilib. 

Tədbirdə qeyd edilib ki, ölkəmizdə qədim və zəngin rəqs sənəti bu gün də yüksək dəyərləndirilir, milli-mə­dəni dəyərlərimiz sırasında qayğı ilə qorunur, zənginləşdirilir. Gənc nəsil bu gözəl sənətə getdikcə daha böyük maraq göstərir, onun sirlərini peşəkar­lardan həvəslə öyrənir.

Görüşdə milli rəqs sənətimizi bütün zənginliyi ilə mənimsəyib yaşadan “Ab­şeron” qrupunun ölkəmizdəki və xaric­dəki uğurlu çıxışlarından məmnunluqla söhbət açılıb. Sonra rəqs ansamblının rəngarəng çıxışları izlənilib. Sonda iştirakçılar kitabxananın əməkdaşı Səbinə Məmmədovanın təqdimatında “Azərbaycan cəngi rəqsləri” adlı kitab sərgisi ilə tanış olublar.

Xatırladaq ki, “Abşeron” rəqs an­samblı bir sıra xarici ölkələrdə Azər­baycanı uğurla təmsil edib. Qrupun Türkiyə, İran və Gürcüstandakı çıxışları böyük maraqla qarşılanıb. Rəqqasları­mızın Türkiyənin Bursa şəhərində ulu öndər Heydər Əliyevin büstünün açılış mərasimində çıxışı qardaş ölkədə yük­sək dəyərləndirilib. Kollektiv respublika rəqs müsabiqəsinin qalibləri sırasında yer alıb.

L.AZAD, “Xalq qəzeti”

Mədəniyyət