Xədicə Qayıbovanın xatirəsi anılıb

post-img

Xalqımızın ilk qadın pianoçularından biri, muğam variasiyalarını ilk dəfə fortepianoda ifa etmiş Xədicə Qayıbovanın anadan olmasının 130 ili tamam olur. Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz pianoçunun xatirəsinə həsr olunmuş musiqi gecəsi təşkil edilib.

Bu barədə BMM-dən aldığımız xə­bərdə deyilir ki, tədbirdə piano ifaçısının nakam həyat və yaradıcılığından söz açılıb. Xatırladaq ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar mək­təbində oxuyub, burada mükəmməl mu­siqi dərsləri də alıb. O həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iş­tirak edib. Xədicə xanımın təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təş­kil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azər­baycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.

Xatirə gecəsi klassik musiqi və BMM-nin solistlərinin ifasında muğam və xalq mahnı­larından ibarət proqramla davam edib.

“Xalq qəzeti”



Sosial həyat