Sözün işıq saçdığı qəzet

post-img

Bərəkətli torpağı, çalışqan camaatı olan Cəlilabad həm də söz-sənət diyarıdır. Bu rayonda şair-jurnalist Ədalət Salmanın ərsəyə gətirdiyi “Sözün işığı” qəzeti düz 20 ildir ki, həm oxucuları ictimai-siyasi həyatın yenilikləri ilə bilgiləndirir, həm də ədəbi zövqü formalaşdırır. Əvvəllər rayonda eyni adlı jurnal çıxırdı, sonradan oxucularla daha sıx ünsiyyət naminə qəzet buraxılmağa başlayıb. 

Cəlilabad ötən əsrin əvvəllərində Tiflisdə min əzabla “Molla Nəsrəddin” jurnalı nəşr edən, millətin maariflənmə­sinə çalışan böyük demokrat ədib Mirzə Cəlilin adını daşıyıb əbədiləşdirir. Onun mənəvi övladları bu gün bölgədə eyni missiyanı davam etdirirlər. Lənkəranda “Söz”, “Məşəl”, Cəlilabadda isə “Sözün işığı” nəşrləri bölgənin ədəbi qüvvələ­rini birləşdirir, onlara sənət sevincləri bəxş edir. Bu nəşrlər ucqarlarda qalıb nəzər-diqqətdən uzaq olan çox istedad bulağının gözünü açıb, əzəl-əzəl şirin zümzüməsinin, sonra isə gur səsinin dağdan-arana, arandan-Turana yayıl­masına vəsilə olur. 

“Sözün işığı”nın yubileyində bu barədə ətraflı danışılıb. Yaradıcı ziyalı­larla yanaşı, idarə, müəssisə və ictimai birlik rəhbərlərinin də iştirak etdiyi təd­birdə Cəlilabad Rayon Veteranlar Təşki­latının sədri, yubilyar qəzetin baş redak­toru Ədalət Salman bu mətbu orqanın 20 illik tarixi yolundan, bölgədə ədəbiy­yatın təbliğində göstərdiyi xidmətdən danışıb.

Sonra Azərbaycan Mətbuat Şu­rasının sədri Rəşad Məcidin “Sözün işığı” qəzetinin yubileyi münasibətilə redaksiyaya göndərdiyi təbrik məktubu oxunub. “Qarabağ qaziləri” ictimai birli­yinin Cəlilabad filialının sədri Maşallah Əliyev gənclərin vətənpərvərlik ruhun­da tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı fəxri fərmanla təltif edib. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, AJB üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Burovarlı və başqaları ürək sözlərini söyləyib, qəzetin yaradıcı heyətini təb­rik ediblər. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət