“Vaksinasiyaya dəstək” kampaniyası davam edir

post-img

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin Uşaq Fondu (UNICEF) ilə birlikdə aprelin 24-dən 29-dək Azərbaycanda Avropa immunlaşdırma həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb. 

ÜST-ün tövsiyəsinə əsasən, 6 aprel 2023-cü il tarixində Səhiyyə Nazirliyi tərəfindən respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftə­si” keçirilməsi ilə bağlı əmr imzalanıb. Bu əmrə uyğun olaraq, ÜST-ün texniki dəstəyi ilə 2022-ci ilin göstəricilərinə görə peyvəndlərlə əhatə səviyyəsi nis­bətən aşağı olan 11 rayonda moni­torinqlər keçiriləcək. Eyni zamanda, bu rayonların 4-də – Göygöl, Mingə­çevir, Yevlax və Qobustanda ÜST və UNICEF Azərbaycan Respublikası Sə­hiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilat­çılığı ilə “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” – şüarı altında vali­deyn konfransları təşkil edəcək. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən al­dığımız məlumatda bildirilir ki, kampani­ya müddəti boyunca əhaliyə ÜST tərə­findən hazırlanmış rutin immunlaşdırma ilə bağlı maarifləndirici materiallar, o cümlədən rutin peyvəndlərə bağlı miflər haqqında sual-cavab şəklində hazırlan­mış broşür və peyvəndlə qarşısı alına bilən xəstəliklər haqqında yenilənmiş kitabça təqdim ediləcəkdir. Həmçinin bu il ÜST-ün Avropa regionunda qızıl­ca və məxmərək infeksiyasına yolux­ma hallarının artmasını nəzərə alaraq, bu xəstəliklər haqqında məlumatların əks olunduğu posterlər əhali arasın­da paylanılacaqdır. Bundan başqa, bu kampaniyadan kənarda qalan uşaqların peyvənd olunmağa dəvət edilməsi is­tiqamətində iş aparılacaqdır. 

Azərbaycanda COVID–19 pandemi­yasına qarşı mübarizə və rutin immun­laşdırma proqramlarının gücləndirilmə­si məqsədilə ÜST-ün Azərbaycandakı ofisi 2021-ci ilin iyun ayından etibarən, Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID–19 əleyhinə Vaksina­siyaya Dəstək” layihəsini həyata keçir­məyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat