Milli kinomuzun şöhrət salnaməsi

post-img

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) rəhbərliyinin iştirakı ilə təşkil olunan dəyirmi masa milli kinematoqrafiyamızın 125 və “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubuleylərinə həsr edildi. Qonaqlarımız ARKİ İdarə Heyətinin katibləri – Xalq artistləri Oqtay Mirqasım, Vaqif Mustafayev və Əməkdar incəsənət xadimi Ayaz Salayev, İttifaqın icraçı katibi, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev və ARKİ İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə idi. 

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov qo­naqları salamlayaraq, milli kinomuzun hər iki əlamətdar yubileyinin “Heydər Əliyev İli”nə təsadüf etdiyini xatırlada­raq dedi ki, ulu öndər daim mədəniy­yətə, o cümlədən kinoya diqqət və qay­ğı göstərmişdir. Ötən onilliklərdə ekran yaradıcılığı sahəsində xeyli uğur əldə edilmişdir. 

Əflatun AMAŞOV:

– Qəzetimizin səhifələrində ölkənin ictimai-siyasi həyatının bütün sahələri kimi, milli kinomuzla bağlı mövzular da xüsusi yer tutur. Vaxtaşırı olaraq ayrıca rubrika ilə Azərbaycan kinosunun və “Azərbaycanfilm” kinostudiyasının yu­bileylərinə həsr olunan məqalələr dərc etmişik və bu iş yenə də davam edir. Məsələn, tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə redaksiyamızla sıx yaradıcılıq əlaqəsi saxlayır və maraq­lı mövzularla tez-tez qəzetimizin sə­hifələrində çıxışlar edir. Bu gün sizinlə bir arada olmaq, fikirlərinizi dinləmək böyük sevincdir. 

Cəmil QULİYEV:

– Əvvəla, bu görüşə görə minnət­darlığımı bildirirəm. “Xalq qəzeti”nin bizim yubileylərimizə diqqət ayırması önəmli faktdır. 

Kinomuzun tarixinə, təşəkkülünə və inkişaf yoluna nəzər salsaq, burada bir məqam mübaliğəsiz qeyd edilməlidir: Azərbaycan kinosunun inkişafı, forma­laşması, strategiyasının qurulması bir­mənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra milli kino­muza diqqət xeyli artdı. 1976-cı ildə Heydər Əliyevin göstərişi ilə Azərbay­can kinosunun 60 illiyi keçirildi. Bakıya xarici ölkələrdən qonaqlar gəldi. Bir həftə ərzində möhtəşəm yubiley təd­birləri təşkil olundu. Heydər Əliyevin sayəsində “Azərbaycanfilm” kinostudi­yasının maddi-texniki bazası yaxşılaş­dırıldı. O dövrdə kino şəbəkəsinin qu­rulmasına, kinoteatrların sayına görə respublikamız ölkədə üçüncü yerə çıxmışdı. Ukrayna, Qazaxıstan kimi respublikaları geridə qoymuşduq. Eyni zamanda, həmin dövrdə kinematoqraf­çıların maddi rifahı yaxşılaşdırılmışdı. O zaman ümummilli liderimizin tapşı­rığı ilə kinematoqrafçılara bina verildi, uşaqları üçün Buzovna qəsəbəsində pioner düşərgəsi yaradıldı. 

Müqayisə üçün daha bir fakt: əgər 1969-cu ildə cəmi bir Xalq artistimiz (Əjdər İbrahimov) var idisə, 1976-cı ildə Heydər Əliyevin sayəsində neçə-neçə görkəmli kino xadiminə Xalq ar­tisti, Əməkdar incəsənət xadimi kimi fəxri adlar verildi. Həsən Seyidbəyli, Eldar Quliyev, Hüseyn Seyidzadə kimi xadimlər o vaxta kimi diqqətdən kənar­da qalmışdılar, onlar da layiqli qiymət­lərini aldılar. 

Ümummilli liderin zamanında ki­nomuzda tarixi mövzulara daha çox diqqət yetirildi. “Nəsimi”, “Dədə Qorqud”, “Nizami”, “Babək” filmləri ulu öndərin təşəbbüsü ilə ərsəyə gətirildi. Müstəqillik əldə ediləndən sonra da ulu öndər kinoya lazımi diqqət ayırdı. Məhz Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 Avqust – Azərbaycanda Kino Günü təsis edildi.

Əflatun AMAŞOV:

– Yaxşı yadımdadır, AZƏRTAC qrupunun tərkibində Monqolustanda Azərbaycan mədəniyyəti festivalına getmişdim. Oqtay Mirqasım da ora­da idi, “Şeytan göz qabağında” filmini aparmışdı. Həmin film neçə dəfə nü­mayiş olundu. Qəzetlər yazırdı ki, nə əcəb sovet vaxtında belə film çəkilib? Aktual məsələnin qoyuluşu və filmin o cür dəyərləndirilməsi fərəhli idi. Axşam istirahəti saatlarında insanların yaxın­laşaraq Oqtay müəllimdən avtoqraf istəmələri hər birimizə xoş təsir bağış­layırdı. 

Oqtay MİRQASIM:

– Çox sağ olun ki, həmin səfərimizi yada saldınız. Doğrudan da, film öz sö­zünü dedi o vaxt. Heydər Əliyevin kino, ümumiyyətlə, mədəniyyət, incəsənət və teatr strategiyası məhəbbət üzə­rində qurulmuşdu. O bu sahəni sevdi­yinə görə izləyir, diqqətində saxlayırdı. Eldar Quliyevin “Bir cənub şəhərində” filmi var idi. Heydər Əliyevin müdaxiləsi olmasaydı, yəqin o film məhv ediləcək­di. Ulu öndər üstümüzə olan hücumla­ra beləcə sipər çəkirdi. 

Mən “Azərkinovideo”da işləyirdim. Ümumazərbaycan sərgisi keçiriləndə bizə tapşırıldı ki, kino da ayrıca stend­də təqdim olunsun. Heydər Əliyev kino stendinin qarşısında xeyli dayandı. Mən kino tarixinə aid faktları sada­ladım. Bir filmə gələndə dedim ki, bu film 1938-ci ildə ekranlara çıxarılıb. Ulu öndər əlimi tutub yavaşca dedi ki, 38-ci ildə yox, 39-cu ildə ekranlara çıxıb. Heydər Əliyev, bax, belə dəqiq bilirdi kino tarixini.

Budur, artıq kinomuzun 125, kinostudiyamızın 100 illiyini qeyd edirik. Qazanılan bütün nailiyyətlərə görə məhz ulu öndərin ölməz ruhuna borc­luyuq. 

Əlbəttə, milli kinomuzun problem­ləri də yox deyil. Son zamanlar kino kluarlarında belə yanlış düşüncə ya­ranıb ki, bizim də filmlər Qərbdəki kimi olmalıdır. Bəli, xaricdə çəkiliş texnikası və kino dilinin inkişafı bizimkindən üs­tündür. Lakin bu, bizə əsas vermir ki, əxlaqi özəlliklərimizi nəyəsə qurban verək. Mentallığı qorumasaq, dağıdı­cı proseslərə rəvac vermiş olarıq. Bir aktrisanın dediyinə görə, bu yaxınlar­da tələbələrdən biri özünün kurs işin­də onun çəkilməsini istəyib. Ssena­riyə baxan aktrisa dəhşətə gəlib. Sən demə, süjet xətti yaşlı qadının cavan oğlanla intim münasibətindən bəhs edirmiş. Aktrisa filmə çəkilməkdən im­tina edəndə tələbə-rejissor deyib ki, bu film festivala gedəcək, orada belə şey­lər istəyirlər. Əlbəttə, absurddur. 

Yaxşı olar ki, “Xalq qəzeti”ndə ay­rıca bir rubrika yaradılsın və orada xalqın sərvəti olan kinomuz haqqında kiçik təəssüratlar yer alsın, fikirlər söy­lənsin. Hətta düz yoldan sapa biləcək gənc rejissorlara tövsiyələr də qəzet səhifəsinə çıxarılsın... 

Əflatun AMAŞOV:

– Elə etmək lazımdır ki, pis nü­munələr təbliğ olunmasın. Yaşlı qadı­nın cavan oğlanı sevməsi dünya kino­sunda var. Ancaq yanaşma peşəkar olmalıdır, orada hikmət, maarifləndir­mə olmalıdır. Vaqif müəllim, söz Si­zindir. Onu da deyim ki, biz Mətbuat Şurasında Azərbaycan filmi ilə bağlı yeganə mükafatı Sizə vermişik. 

Vaqif MUSTAFAYEV:

– Qəzetinizin yeni formatı, orada yer verilən yazılar, mövzular məni se­vindirir. “Xalq qəzeti” artıq əl-əl gəz­məyə başlayıb. Orada yazılan “Xalqın qəzeti” devizi özünü doğruldur. 

Kinoya gəlincə isə, birbaşa deyim ki, hazırda qondarma kinoşünasların sayı çoxalıb. Hətta onlara mükəmməl bir film göstərəndə də bəyənmirlər. Halbuki, kökə bağlı olmaq və obyek­tivlik hissini itirməmək hər zaman va­cibdir. 

…“Hər şey yaxşılığa doğru” filmini çəkmişdim. Dövlət sifarişi deyildi, bir ingilis şirkəti dəstəkləmişdi və bu film nüfuzlu Hauzen festivalında 4 mükafa­ta layiq görülmüşdü. Sonradan bilmiş­dim ki, onu Heydər Əliyev də bəyənib. Mədəniyyət nazirlərinin sammitində iştirakçılara deyibmiş ki, vaxtınızı bo­şuna keçirməyin, gedin, Vaqif Mustafa­yevin “Hər şey yaxşılığa doğru” filminə baxın. Sözsüz ki, böyük qiymət idi. Bir dəfə də mənə müraciət edilmişdi ki, bəs, sizin filminizi ermənilər istəyir­lər. Çaş-baş qaldım. Birinci Qarabağ müharibəsindən sonra belə təklifin olunması gözlənilməz idi. Ulu öndəri məsələdən xəbərdar elədim, məsləhət istədim. Dedi ki, sən çıxılmaz vəziyyət­də qalan adam deyilsən, axı. Həmin filmi dərhal göndərməliyik, fikirləşmə­dən. Qoy, onlar bu film vasitəsilə xalqı­mızın humanistliyini görsünlər. Ondan sonra filmi göndərdik. 

Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev haqqında filmlərin müəllifi olma­ğımla hər zaman fəxr etmişəm. Ümum­milli liderə həsr olunmuş 12 sənədli filmin müəllifiyəm.. Bu filmlərdən üçü – "Əsl məhəbbət haqqında”, “Bir həsə­din tarixi” və “Xüsusi təyinat ” filmləri Moskvada keçirilən Avrasiya Teleforu­munun Qran-pri mükafatına layiq görü­lüb. Oradan qayıdandan sonra Heydər Əliyevlə görüşməli idim. O da Şəhidlər xiyabanına getmişdi. Məni apardılar yanına. AZTV də çəkirdi. Dedi ki, res­publikada tapılmırsan, gündə bir müka­fat alırsan? Cavab verdim ki, Heydər Əliyeviç, bu, sizin sayənizdə olur. Sizin şəxsiyyətinizə bütün dünyada o qədər maraq var ki, ona görə belə olur. Bəli, birmənalı olan budur ki, Heydər Əliyev xalqını, yaradıcı adamları sevirdi. Biz “Mozalan”da işləyəndə filmlərimizin hər bir nömrəsinə baxardı… 

Ayaz SALAYEV:

– Bu barədə düşündükcə “Uca zir­və məsafədən daha yaxşı görünür” kəlamı yadıma düşür. Heydər Əliyevin diqqəti, qayğısı Azərbaycan kinosunu tanıdıb. Ulu öndərin müstəqillik arzula­rı reallaşdı, Zəfər arzusu gerçəkləşdi. Bu duyğuları qələbədən sonra Şuşa­da, Cıdır düzündə, “Xarıbülbül” festi­valında şəxsən yaşadım. Azərbaycan dövlətinin uğurlu siyasəti və parlaq in­cəsənəti Şuşada birləşmişdi. Sirr deyil ki, zaman-zaman bizi dünya ictimaiy­yətinə azlıqların ölkəsi kimi tanıtmaq cəhdləri olub. Amma Heydər Əliyev və İlham Əliyevin müdrik siyasəti sayəsin­də bütün o stereotiplər aradan qalxdı. Gərək bu, kinomuzda da özünü parlaq şəkildə göstərsin. 

Vaqif MUSTAFAYEV:

– Tam doğru. İndi əsas odur ki, Qələbəmizin möhtəşəmliyini göstərə bilən filmlər meydana gəlsin. Biz Qələ­bə çalmış ölkənin vətəndaşlarıyıq. Bu, özünü filmlərimizdə də göstərməlidir, özü də yüksək peşəkarlıqla. “Fəryad 1” Birinci Qarabağ savaşına aiddir, 1993-cü ildə çəkilib. İnşallah, “Fəryad 2” ha­zırkı qalibiyyət dönəminin filmi olar. 

Aydın KAZIMZADƏ:

– Kino Forumu ərəfəsində belə bir görüşün keçirilməsi son dərəcə təq­dirəlayiqdir. Yığışıb nailiyyətlərdən danışmağımız, problemləri qabart­mağımız, bu cür işgüzar müzakirələr aparmağımız xoşdur. Mən tez-tez ki­nomuzla bağlı bu və ya digər mövzuda yazılarla “Xalq qəzeti”ndə çıxış edirəm. Tariximiz şərəflidir, amma estafeti əldə möhkəm saxlamaq tələb olunur. Açığı, bu gün kinolarımızda müəyyən cılız­laşmanın baş verdiyi müşahidə olunur. Elə etməliyik ki, bütün səylərimizi bö­yük kino naminə, inkişafa davam ten­densiyasına yönəldək. 

Xatırlayıram ki, 1970-ci ildə Sovet Azərbaycanına həsr olunmuş bir sərgi keçirilirdi. Kinoya da stendlər ayrılmış­dı və orada Babəkin paltarı, papağı da nümayiş etdirilirdi. Bu, ulu öndə­rin diqqətini cəlb etdi. Deyim ki, heç bir stendin qarşısında oradakı qədər dayanmadı. Tarixi şəxsiyyətlərimizin, qəhrəmanlarımızın kinoda əbədiləşdi­rilməsi ilə bağlı dəyərli tövsiyələr verdi. Təkrar olsa da, deyim ki, elə “Babək”, “Nəsimi”, “Nizami”, “Dədə Qorqud” filmlərimiz məhz Heydər Əliyevin səyi, dəstəyi ilə hasilə yetibdir. 

Həmin sərgidə kino eksponatla­rı arasında nümayiş etdirilən bir vaza da vardı. Ümummilli lider ona baxaraq soruşdu: “Bu, Düşənbədə “İstintaq” filminə verilən mükafatdırmı?” Düz de­yirdi. Həmin an hər birimiz ulu öndərin yaddaşına, fəhminə, bilgisinə hey­ran qaldıq... Mən bu barədə “Heydər Əliyev və Azərbaycan kinematoqrafı” adlı kitabımda yazmışam.

Bəli, dünən edilənlər dünəndə qalıb. Bəs, bugünün vəzifələri nədən ibarət­dir? Bu gün Qarabağı erməni işğalından azad etmiş igidlərimizin – zəmanəmizin qəhrəmanlarının kinoda bədii obrazları eyni vüsətlə yaradılmalıdır.

Ayaz SALAYEV:

– Doğrudur. Bu gün biz, sanki, bir millət kimi yenidən doğulmuşuq. Qalib xalq olmağımız kinonun çiyninə böyük yük qoyur. Biz kino sənətinin təmsilçilə­ri qəhrəman xalqımıza çox borcluyuq və bu borcdan öz yaradıcılıq səyləri­mizlə çıxmağa çalışmalıyıq.

Oqtay MİRQASIM:

– Eyni zamanda, ulu öndərin sənətə verdiyi qiymətə, biz sənətçilərə olan qayğısına da ömrümüz boyu layiqli işlərlə cavab verməliyik. Yadıma gəlir, Heydər Əliyev Xalq artisti Nəsibə Zey­nalova haqqında demişdi ki, Nəsibə xanım əbədi deyil, “Qaynana”nı ekran­laşdırın ki, ondan yadigar qalsın. Min­nətdarıq ki, Heydər Əliyevin tövsiyəsi ilə təkcə o əsər yox, Anarın “Şəhərin yay günləri”, “İmtahan”, “Babək” və sair kimi çox gözəl filmlər də yadigar qaldı. 

Dəyirmi masada milli kinomuzun bu günü və sabahı ilə bağlı qayğılar əsas leytmotiv oldu. Qonaqlarımızın fikir­lərində tənqidi notlar da vardı, amma nikbin bir ruh da duyulurdu. Bunun adı sabaha inam idi.

Hazırladılar:
Əli NƏCƏFXANLI,
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”













Mədəniyyət