Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamı ölkədə əlavə su mənbəyinin yaradılmasını nəzərdə tutur.
Həmin sənəddə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsi qərara alınıb. Sərəncama əsasən, pilot layihəsinin icrası ilə əlaqədar Nazirlər Kabinetinə, eləcə də aidiyyəti dövlət qurumlarına bir sıra zəruri tədbirlər görülməsi tapşırılıb.
Dövlətimizin başçısının dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı imzaladığı sərəncam əhalinin suya olan tələbatının ödənilməsini, hər zaman olduğu kimi, yenə də diqqət mərkəzində saxlamasından xəbər verir. Ölkə rəhbərinin alternativ su mənbələrinin işlənilməsi, o cümlədən, dəniz suyunun şirinləşdirilməsi ilə bağlı imzaladığı sənədlər, bu sahədə qəbul olunmuş qərarlar ölkədə su qıtlığının aradan qaldırılmasını, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsini şərtləndirir.
Yeri gəlmişkən, dəniz suyunun duzsuzlaşdılması ilə bağlı təşəbbüs ilk dəfə 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilib. Bundan iki il sonra Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi istifadəyə verilib. Bu müəssisə 50-70 minlik bir şəhəri içməli su ilə təmin etmək gücünə hesablanıb.
Onu da xatırladaq ki, qlobal istiləşmə və su mənbələrinin quruması dünyanın bir sıra ölkələrini dəniz suyunu içməli su halına gətirməyə vadar edib. Bir sıra ölkələrdə bu layihəyə çoxdan başlanılıb. Məsələn, İndoneziya, Malayziya, Sinqapur və İsrail dövlətlərində əhalinin içməli suya olan tələbatının bir hissəsi dəniz suyunun emalı hesabına ödənilib. İsraildə içməli suyun 40 faizi dəniz suyunun duzsuzlaşdırılması hesabına reallaşdırılıb.
Azərbaycanda şəhər əhalisinin əksəriyyəti Abşeron yarımadasında yaşayır. Bakı və Sumqayıt əhalisinin içməli su ilə təminatının isə gələcəkdə ciddi problemə çevriləcəyi proqnozlaşdırılır. Bu, ölkəmizdə su qaynaqlarının çox az olması ilə bağlıdır. Belə bir şəraitdə isə Prezident İlham Əliyevin 2023-cü il 12 aprel tarixli “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncamı mühüm önəm daşıyır.
Elman CƏFƏRLİ,
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri
Ölkəmizdə formalaşan su, ortalama, 30 faiz civarındadır. Qalan 70 faizi respublikamıza başqa dövlətlərdən daxil olur. Həmin ölkələr də bu sulardan öz tələbatları üçün istifadə edirlər.
Bakı və Abşeronu içməli su ilə təmin etmək üçün Taxtakörpü su anbarı fəaliyyət göstərir. Lakin Abşeronda yerləşən şəhərlərdə əhali artır, istehsal müəssisələrinin, xidmət obyektlərinin sayı getdikcə artır. Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı olduqca bahalı prosesdir. Bu layihəni icra etmək, məsələn, Gürcüstan üçün çətindir. Ancaq Azərbaycan Cənubi Qafqazın iqtisadi potensialına görə, qüdrətli ölkəsi olaraq bu layihəni icra etmək gücündədir.
Prezident İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” 2023-cü il 12 aprel tarixli Sərəncamına əsasən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı, belə demək mümkünsə, gələcəyə qoyulan sərmayədir. Azərbaycanın yeraltı sərvətləri, su qaynaqları həm də gələcək nəsillərindir. Gələcəkdə ölkəmizdə içməli su qıtlığı ilə üzləşilərsə, indi yaradılan müəssisələr tərəfindən dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsal ediləcək.
Dövlət əhalimizin içməli su qıtlığı yaşamaması üçün belə bir bahalı layihəyə start verib. Ancaq əhalinin də üzərinə böyük vəzifə və məsuliyyət düşür. Anlamalıyıq ki, yaxın 30 ildə ayrı-ayrı ölkələrdə içməli su qıtlığı yaşanacaq. Hətta dünyada su müharibələrinin olacağı da istisna deyil. Bir zamanlar daş kömür yataqları, sonra neft ehtiyatları necə savaşa səbəb olurdusa, qarşıdakı dövrdə də dövlətlər arasında əsas mübahisələr su qaynaqları üstündə ola bilər. Məişətdə və suvarmada suya qənaət etmək zamanın tələbidir. Fikrimcə, məişət suyunun təkrar emalı şəbəkələri, texniki su istehsalı müəssisələri bərpa edilməlidir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


