Regionların sürətli inkişafı dövlətimizin gücünü göstərir

post-img

Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Dövlətimizin başçısı İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı rayonlara səfər edir. Bu zaman ölkə rəhbəri yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri zama­nı da yuxarıda vurğulanan məqamlar, ümumiyyətlə, sosial-iqtisadi amillər önə çəkilib, ölkə rəhbəri tərəfindən bu istiqamətdə gerçəkləşdirilən tədbirlər yüksək dəyərləndirilib. Bütün bu gö­rülən işlər Azərbaycanın hazırda 2021-2030-cu illəri əhatə edən keyfiyyətcə yeni bir strateji mərhələyə daxil olma­sından xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqti­sadi strategiya və dərin islahatlar ölkə­mizin iqtisadi qüdrətinin daha da ar­tacağına, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiy­yətinin formalaşacağına zəmin yaradır.

Ölkə rəhbəri Salyan şəhərində Azər­baycan Televiziyasına müsahibəsində bu barədə ətraflı bəhs edib. Dövlətimi­zin başçısı deyib: “Mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bil­diyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisa­di inkişafı Dövlət proqramları həyata ke­çirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində böl­gələrdə çox böyük genişmiqyaslı quru­culuq işləri aparılmışdır”. 

Prezident İlham Əliyev müsahibə­sinin davamında bölgələrə səfərləri­nin nəzarət üçün bir vasitə olduğunu, başqa sözlə, verdiyi tapşırıqların necə yerinə yetirilməsi məqsədi daşıdığı­nı bildirib. Həqiqətən də, dövlətimizin başçısı fəaliyyətinin bütün mərhələlə­rində bölgələrdə insanların rifah halı­nın yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlə­dən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliye­vanın Neftçala və Salyan rayonlarına səfərləri çərçivəsində bir sıra sosial-iq­tisadi obyektlərin istifadəyə verilməsi, bəzilərində isə yaradılan şəraitlə tanış­lıq ölkə rəhbərinin hər zaman öz vətən­daşının yanında dayanması, qayğısı ilə maraqlanması və bölgələrdə qu­ruculluq işlərini diqqətdə saxlamasının bariz ifadəsidir. 

Prezident İlham Əliyevin səfər za­manı Salyanda “ASAN xidmət” mərkə­zinin açılışını reallaşdırması xüsusilə mühüm hadisədir. Belə bir xidmət mərkəzinin istifadəyə verilməsi əhali­nin sosial şəraitinin davamlı yaxşılaş­dırılmasına böyük töhfədir. Xatırladaq ki, bu, sayca 25-ci mərkəzdir. 

Yeri gəlmişkən, “ASAN xidmət” sistemi bu gün dünyada Azərbaycan brendi kimi tanınır və respublikamızda uğurla fəaliyyət göstərir, bu mərkəzlər­də xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 fa­izdir. 

Prezident İlham Əliyev müsahibə­sində Neftçala və Salyan rayonların­da Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi və elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzinin istifadəyə verilməsini sosial siyasətin uğurla icra olunmasının bariz nümunəsi, Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışını, eyni zamanda, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqur­madan sonra açılışını isə ölkəmizin dinamik şəkildə inkişafının göstəricisi kimi qiymətləndirib. 

Dövlətimizin başçısı müsahibə­sində işğaldan azad olunan ərazilər­də–Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bər­pa-yenidənqurma işləri barədə də fi­kirlərini diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritet­dir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin di­gər yerlərinə də müntəzəm olaraq ge­dirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz– bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqla­rı viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qur­maq üçün, yaratmaq üçün...”. 

Prezident İlham Əliyevin müsahi­bədə diqqətə çatdırdığı kimi, Vətən müharibəsi başa çatandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında bərpa-quruculuq layihələrinin icrasına start verilib. Qısa müddətdə iki kənddə–Ağalı və Talış yaşayış sahələrində məskunlaşdırma aparılıb. Keçmiş məcburi köçkünlərin Laçın şəhərinə qayıdışının isə ilin so­nuna qədər gerçəkləşdiriləcəyi nəzər­də tutulub. 

Onu da qeyd edək ki, hazırda Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşa­yış kompleksinin təməlinin də yaxın vaxtlarda qoyulacağı nəzərdə tutulur. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə aparılır, Kəlbəcər və Cəbrayıl şəhərlə­rində isə buna hazırlıq işləri görülür. 

Hazırda düşməndən təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla icra edilir. Dəmir və avtomobil yolları­nın çəkilişi, elektrik enerjisi, su təchiza­tı məsələləri, meliorativ tədbirlərlə bağ­lı layihələr reallaşdırılır. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava lima­nının inşası isə davam edir.

Sonda bir məqamı da vurğulamaq istərdik. Cari ilin dövlət büdcəsindən işğaldan azad olunan ərazilərdə abad­lıq və bərpa işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsait ayrılıb. Son 2 il ərzində Qarabağ və Şərqi Zən­gəzurun bərpasına dövlət büdcəsindən 6,4 milyard manat vəsait yönəldilib. Bu vəsait hesabına Ağdam, Füzuli və La­çın rayonlarında yollar və körpülər sa­lınıb, su anbarları və su elektrik stansi­yalarının tikintisinə başlanılıb. 

Maliyyə Nazirliyinin məlumatına əsasən, cari ilin birinci rübündə isə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulma­sına və bərpasına 1 milyard 67 mil­yon manat vəsait yönəldib. Bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulan 3 milyard manat vəsaitin 35,5 faizi deməkdir. Hə­min vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifa­riş sənədləri əsasında istifadə olunub.

Vətən müharibəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan ərazilərin ölkənin ümu­mi iqtisadiyyatına reinteqrasiyasın­dan, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkan­larından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyya­tının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəm­ləndirəcək.

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat