Özbəkistanda Baburun 540 illiyinə həsr olunan konfransda Azərbaycan alimi iştirak edib

post-img

TÜRKSOY, Özbəkistan Mədəniyyət Nazirliyi və Kokand Universiteti bu qədim şəhərdə böyük özbək şairi və fatehi Zəhirəddin Məhəmməd Baburun 540 illiyinə həsr olunan eimi-praktik konfrans keçirib.  

Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın baburşünas alimlərinin qatıldığı tədbirdə ölkəmizi Bakı Dövlət Universitetindəki Türkoloji araşdırmalar mərkəzinin müdiri, professor Ramiz Əskər təmsil edib. 

Tədbiri Kokand Universitetinin rektoru, professor Qafurjon Zahidov açaraq Zəhirəddin Məhəmməd Baburu dövlət  xadimi və şair kimi xarakterizə edib. 

İki gün davam edən konfransda Zəhirəddin Məhəmməd Baburun dövlət xadimi kimi fəaliyyəti və yaradıcılığı ilə bağlı 20-yə yaxın məruzə dinlənilib.  

Ramiz Əskər konfransda “Baburnamə” əsərində baburilər və səfəvilər arasında münasibətlər” mövzusunda məruzə edib və maraqla qarşılanıb. 

Məruzədə bildirilir ki, Babur və Şah İsmayıl Xətai arasında sıx əlaqələr olub. Şah İsmayıl Babura siyasi və hərbi yardım göstərib, onun hakimiyyətinin möhkəmlənməsinə kömək edib. Bu münasibətlər sonralar onların övladları arasında da davam edib. Şahzadə Təhmasiblə şahzadə Humayunu xüsusi dostluq münasibətləri birləşdirib.    

Konfrans çərçivəsində Ramiz Əskər Babur adına Universitetin fəxri doktoru adına layiq görülüb. 

Xatırladırıq ki, ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə Ramiz Əskər ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordeninə layiq görülüb.                                                    

Qulu Kəngərli 

Kokand 

Mədəniyyət