Milli kinomuz xalqımızın qiymətli mənəvi sərvətidir

post-img

“Xalq qəzeti” redaksiyasında keçirilən növbəti “dəyirmi masa” görüşü Azərbaycan kinematoqrafiyasının 125 illik və ölkənin aparıcı kino müəssisəsi “Azərbaycanfilm” studiyasının 100 illik yubileylərinə həsr edildi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı rəhbərliyinin iştirakı ilə aparılan müzakirədə milli kinomuzun 2 əlamətdar yubileyinə hazırlıq, ötən dövrdə ekran yaradıcılığı sahəsində əldə edilmiş uğurlar, müstəqillik dövründə kino sənətinin üzləşdiyi çətinliklər və qarşıda duran hədəflər diqqət mərkəzində oldu. 

Qonaqları salamlayan “Xalq qəzeti”­nin baş redaktoru Əflatun Amaşov ölkə­nin tanınmış kino xadimlərini əlamətdar yubiley münasibətilə təbrik etdi, kino ya­radıcılığının, xüsusən Azərbaycan kine­matoqrafiyasının uğurlarının qəzetin sə­hifələrində daimi mövzulardan olduğunu bildirdi. Redaksiya rəhbəri bildirdi ki, kino mövzusu, sahənin problemləri, qarşıda duran vəzifələr bundan sonra da kollekti­vin həssaslıqla yanaşacağı mövzulardan olacaq. Bugünkü “dəyirmi masa” müza­kirəsinin hədəfi isə milli kinematoqrafiya­nın yubileyləri çərçivəsində ölkənin kino həyatının aktual mövzularının gündəmə gətirilməsi, uğur və problemlərin medi­ada işıqlandırılması ilə bağlı peşəkarlıq məsələləridir.

Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Qulyev milli kinomuzun ötən müddətdə keçdiyi məhsuldar və peşəkar yoldan, dünya kinematoqrafiya­sına töhfəsindən söz açdı. O, ulu öndər Heydər Əliyevin milli kinomuzun inkişafı­na göstərdiyi müstəsna diqqət və qayğı sayəsində ölkəmizdə kino incəsənətinin öyünclü nailiyyətlər əldə etdiyini vurğu­ladı.

Tanınmış kinorejissorlar, ittifaqın ka­tibləri – Xalq artistləri Oqtay Mirqasımov, Vaqif Mustafayev və Əməkdar incəsənət xadimi Ayaz Salayev milli kinomuzun 125 illik inkişaf tarixinin diqqətçəkən fakt və hadisələrindən, son bir əsrdə “Azər­baycanfilm” studiyasının kinematoqrafi­yamıza gətirdiyi şöhrət və yeniliklərdən danışdılar. Tanınmış kino jurnalisti, Azər­baycan kinematoqrafiyasının salnaməsi­ni yaratmış Əməkdar incəsənət xadimi Aydın Kazımzadə milli kinonun tarixinin parlaq səhifələri ilə yanaşı, çağdaş çə­tinlikləri, inkişaf meyilləri barədə müla­hizələrini açıqladı.

Davam edən işgüzar diskussiya­da fundamental kino yaradıcılığınının dəstəklənməsində dövlət himayəsinin zəruriliyi vurğulandı, həvəskar studiyala­rın milli mentalitetimizə uyğun gəlməyən aşağı səviyyəli, gerçəkliyi əks etdir­məyən şou və biznes səciyyəli fəaliyyə­tinin xaricdə ölkəmizin imicinə mənfi təsir göstərməsindən narahatlıqla söz açıl­dı. Kino xadimləri bu sahədə baş verən proseslərin xalqa çatdırılmasında, milli kinematoqrafiyamızın fəaliyyəti barədə sağlam və faydalı ictimai rəyin forma­laşdırılmasında medianın təsirli rolu da məmnunluqla qeyd olıundu.

(“Dəyirmi masa”dan geniş materi­al növbəti saylarımızda təqdim oluna­caq)

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”



Mədəniyyət