Görkəmli ukraynalı şair: Heydər Əliyev hələ sovet dövründə arzumu yerinə yetirdi

post-img

Heydər Əliyev həqiqətən epoxal miqyaslı, hərtərəfli savadlı və yüksək erudisiyalı insan idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə ilk təmasım hələ sovet dövründən yaranıb. O, ədəbiyyata, sözə, yaradıcı insanlara böyük qiymət verirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində görkəmli ukraynalı şair, tərcüməçi, Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı, Ukraynanın dövlət xadimi, nəsimişünas Pavel Movçan söyləyib.

Ulu Öndərlə bağlı xatirələrini bölüşən P.Movçan bildirib: “Yadımdadır, 1985-ci ildə Bakıda ədəbi tədbir keçirildi. Həmin tədbirə mən də dəvət almışdım. Mən Nəsiminin əsərlərinin Ukrayna dilinə tərcümələrini oxuyandan sonra Heydər Əliyev mənə yaxınlaşdı və Nəsiminin şeirlərini yaxşı tərcümə etdiyimi bildirərək buna görə təşəkkür etdi. Sonra bizim ayrıca görüşümüz oldu. Heydər Əliyev mənim nə arzu etdiyimi soruşanda dedim ki, Hələbdə Nəsiminin məzarını ziyarət etmək istərdim, lakin o dövrdə mənim xaricə getməyimə qadağa qoyulmuşdu. Buna baxmayaraq, qısa müddət sonra Heydər Əliyev məni Nəsiminin qəbrini ziyarət etmək üçün Suriyaya göndərdi”.

P.Movçan qeyd edib ki, Heydər Əliyev fenomen şəxsiyyətdir. O, istər sovet dövründə, istərsə də Azərbaycanın müstəqillik illərində dövləti, xalqı üçün misilsiz xidmətlər göstərib. “Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında müstəsna rolu olub”, - deyə P.Movçan əlavə edib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mədəniyyət