O Azərbaycan qadınının genetik doğruluq-düzlük dünyasını hüquq sferası ilə zənginləşdirib. Qanunlar onun şah damarı, həqiqət vuran ürəyi olub. O, ilk azərbaycanlı hüquqşünas qadın olub. O – Bilqeyis Əhməd qızı Həşimzadə (1900-1961) sübut etdi ki, hüquq sahəsi yalnız kişilər üçün deyil. Bilqeys Həşimzadə 1945-ci ildə hüquq elmləri namizədi (indiki rəsmi üslubla desək hüquq üzrə fəlsəfə doktoru) adını alıb. Onun 1958 və 1960-cı illərdə dövlət mülkiyyətinin qorunması, 1960-cı ildə isə cinayət hüququnda bədənə xəsarət mövzulu kitabları gün üzü görüb.
Bilqeyis Həşimzadə gənc yaşlarından etibarən Azərbaycanda siyasi və elmi bilikləri yayan cəmiyyətin üzvü olub.
Hüquq elmləri namizədi və ya hüquqi baxışın qadın namizədi ilk azərbaycanlı qadın hüquqşünas olmaq heç də asan bir iş deyildi. Bunun üçün illərin zehnü-zəhməti, gərgin əməyi, yuxusuz gecələri, kitabxanalarda keçən gündüzləri lazımdı...
*
Bilqeyis Əhməd qızı Həşimzadə 1900-cu ildə Şəkidə (o vaxtkı Nuxa) fəhlə ailəsində doğulub. İki yaşında atasını itirən bu qızcığaz rayondakı 2 saylı İpək fabrikində fəhlə işləyən əmisi Lüti Həsənoğlunun himayəsində qalıb. Ailədə maddi durumun ağır, güzəranın çətin olması ilə bağlı, əmisi hələ uşaqlığından doymamış 7 yaşlı Bilqeyisi Şəkinin tanınmış bəylərindən olan Rzaqulu bəyin evinə qulluqçu verib. Həyatın qəribə cilvəsidir: bəy evində qulluqçuluğu Bilqeyisin inkişafı yolunda ilk önəmli addımlara çevrilib.
O zaman Rzaqulu bəy evinin yuxarı qatında qızlar üçün məktəb təşkil etmişdi. Həmin məktəbdə Nəriman Nərimanovun bacısı qızı Nabat Nərimanova dərs deyirdi.
Daim maarif sorağında olan Nabat xanım hələ sosialist inqilabından öncə Şəkidə, Bakıda qız məktəblərində dərs deyib, “Dəbistan”, “İşıq” və b. toplularda maarifə dair yazılarla ardıcıl çıxış etmişdi. Nabat xanım Rzaqulu bəyin qız məktəbində dərs deməklə yanaşı, həm də onun evində yaşayırdı.
Təhsil , iş fəaliyyəti, ailə və dəyərlər...
Canı kitablarda, elmdə olan kiçik Bilqeyis Nabat xanımla yaxınlaşır, ona gündəlik işlərində kömək edir. Bunun qarşılığında Nabat xanım Bilqeyisin tərbiyəsi ilə məşğul olur və onun dərs dediyi məktəbi qurtarmasına yardım edir. Zaman keçir və balaca Bilqeyis böyüyür. O, kənd müəllimi ilə ailə həyatı qurur. (Həyat yoldaşı Şükür Məmməd oğlu Həşimzadə Şəkinin Qoxmux məktəbinin direktoru olub. O, “Azərbaycanın əməkdar müəllimi” fəxri adına layiq görülüb).
Bütün həyat həqiqətlərinin fonunda görünən odur ki, Bilqeyis xanım Həşimzadə həm ailə dəyərlərinə sayğı və sevgi ilə yanaşır, eyni zamanda da fəal maarif fəaliyyətinə başlayır. Bu önəmli başlanğıc maarif sorağında olan o vaxtkı “Əli Bayramov adına Qadın Klubu”nda olub. Bu klubun da özəllikləri vardı. Əsas özəlliyi o idi ki, bu klub qadınların maarif müəssisəsinə, təlim-təhsil, bilik ocağına dönmüşdü. Qadınlar bu kluba əməlli-başlı axın edir, üzv yazılır və ayrı-ayrı peşələrə yiyələnirdi.
Klub qadınlar arasında savadsızlığın ləğv edilməsi, təhsilin davamlı şəkildə inkişafı, qadınların sosiallaşması sahəsində xeyli önəmli işlər görürdü. Klubda fəaliyyət göstərən qadınlar müəyyən təhsil kurslarından sonra imtahan verir, ən yüksək nəticə əldə edənlər isə kəndlərə işləməyə göndərilirdi. Bilqeyis xanım da bu adıkeçən klubun fəallarından və yetirmələrindən biri idi. O, 1920-25-ci illərdə Şəkidə müəllimlik edir, 1925-28-ci illərdə Şəki rayonunun idarəçiliyində (şöbə müdiri olaraq) iştirak edir, töhfələr verir. Həmin dövrdə onun bir sıra xidmətləri olur. – Şəkidə kəndli və fəhlə övladlarının icbari təhsil alması, daha sonra təhsillərini Bakıda davam etdirməsi buna sübutdur.
1928-ci ildə Şəkidən Bakıya – rəhbər işə dəvət olunur. O, müəllimlik etdiyi dövrdə öz təhsilini də uğurla davam etdirir. Karyerasında irəliləyir və müxtəlif vəzifələrdə çalışır. Bilqeyis xanım 1928-1938-ci illərdə keçmiş Respublika Prokurorunun müavini, 1938-1941-ci illərdə Azarbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri (1941-1945) olur. 1945-ci ildə hüquq üzrə namizədlik dissertasiyasi müdafiə edən Bilqeyis Həşimzadə 1945-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq kafedrasinin dosenti olur.
İlk azərbaycanlı hüquqsünas qadın, ilk azərbaycanlı qadın hüquq elmləri namizədi, ilk azərbaycanlı qadın institut rektoru Bilqeyis Həşimzadə müxtəlif vaxtlarda məsul ictimai işlərdə də uğurla çalışıb. Bir çox publisistik və elmi tədqiqat əsərinin müəllifi olan dosent-doktor Bilqeyis Əhməd qızı Həşimzadə 1961-ci ildə Bakıda bu həyata gözlərini əbədi olaraq yumub. Amma bu dünyadakı həm maarif, həm də hüquq missiyasını davamçıları yerinə yetirir. – Onun yolunu heç vaxt unutdurmayan davamçıları...
O, xalqımızın qeyrətli, zəhmətkeş qızı idi. O, ömrü boyu insanı inkişafda gördü, hüquq normaları yaradıcılığına töhfələr verdi, həyatını maarifçiliyə, elm və təhsilə həsr etdi. Ruhu şad olsun!
Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri