Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Ulu Öndərin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümummilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaq.
Müsabiqəyə təqdim olunan materiallar Heydər Əliyevin portreti, eyni zamanda, onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur.
Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır. Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan rəsmlər qiymətləndirilməyəcək. Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur. Rəsmin ölçüsü maksimum 50x50 santimetr olmalıdır. Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir.
Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə ad, soyad, ata adı, əlaqə nömrəsi, təvəllüdü, təhsil aldığı müəssisənin adı (əgər varsa) mütləq qeyd edilməlidir.
Qeyd edək ki, müsabiqə üzrə materialların qəbulu 2023-cü il fevralın 20-dən aprelin 20-dək saat 17:00-a qədər davam edəcək.
Müsabiqənin qalibləri pul ilə mükafatlandırılacaq. Birinci yer 1000 manat, ikinci yer 800 manat, üçüncü yer 600 manat və hər biri 300 manat olmaqla 5 həvəsləndirici mükafat qaliblərə təqdim ediləcək.
Əlavə məlumat üçün əlaqə nömrələri (012-436-98-33, 055-475-87-09) və ya e-mail ünvanı ([email protected]) vasitəsilə müraciət etmək mümkündür.