XXIII turda sensasiya

post-img

Misli Premyer Liqasının XXIII tur başa çatıb. Qeyd edək ki, turulun ilk qarşılaşması “Kəpəz” və “Şamaxı” komandaları arasında keçirilib. Peşəkar Futbol Liqasının məlumatına görə, gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Gəncə şəhər stadionunda keçirilən matç “Kəpəz”in 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu qələb sayəsində xallarının sayını 17-yə çatdıran “Kəpəz” yeddinci pilləyə yüksəlib. “Şamaxı” isə 16 xalla 9-cu yerdədir.

XXIII turun daha bir oyunu “Bakcell Arena”da keçirilib. “Neftçi” komandası “Səbail”lə qarşılaşıb. Görüşdə “ağ-qaralar” rəqibini 3:0 hesabı ilə məğlub edib.Bu qələbədən sonra xal sayını 48-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmləndirib. 16 xalı olan “Səbail” isə sonuncu–10-cu pillədədir.

“Qəbələ” klubu isə  doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb. Bu görüşdən sonra xallarının sayını 31-ə çatdıran “Qəbələ" turnir cədvəlində beşinci pillədə qərarlaşıb. 18 xalı olan “Sumqayıt”! isə yeddinci sıradadır. 

Turun digər matçında “Turan Tovuz” klubu səfərdə çempionluğa iddialı “Sabah”ın qapısından iki cavabsız qol keçirib. Murad Musayevin komandasının “Turan Tovuz”a 0:2 hesabı ilə uduzması Bakı klubunun Premyer Liqadakı məğlubiyyətsizlik seriyasına son qoyub. Bu görüşdən sonra xallarının sayını 26-ya çatdıran “Turan Tovuz”  altıncı yerdədir. “Sabah” klubu isə 53 xalla ikincidir. 

Qeyd edək ki, turun son oyunu “Zirə” və “Qarabağ” komandaları Arasinda keçirilib. Qarşılıqlı hücumlar şəraitində keçən matç “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarının sayının 61-ə çatdıran Ağdam təmsilçisi turnir cədvəlində liderliyini möhkəmləndirib. “Zirə” isə 32 xalla dördüncüdür.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman