Sirli polad monolitlər: bu obyektlər nədir və kim tərəfindən quraşdırılır?

post-img

Uelsdə (Böyük Britaniya) yerli sakinlər təpəlikdə sirli polad monolit aşkar ediblər. Nə onlar, nə jurnalistlər, nə də hakimiyyət orqanları onun haradan gəldiyini bilir. Hündürlüyü təxminən 3,5 metr olan qeyri-adi strukturlar ilk dəfə 2020-ci ildə pandemiyanın qızğın çağında dünyanın müxtəlif yerlərində görünməyə başlamışdı.

Yerli sakinlər Hay-on-Vye şəhəri yaxınlığındakı Hay Bluff təpəliyində daha bir qəribə obyektlə qarşılaşıblar. Obyekti ilk dəfə ərazidə yerli idmançı Riçard Hayns görüb. Onun sözlərinə görə, polad üçbucaqlı stelanın (stela üzərində mətnlər və ya təsvirlər həkk olunan daş, mərmər, qranit və ya taxta şaquli lövhədir. Qədim dövrlərdə belə plitələr və ya sütunlar sərhəd nişanları, qəbir daşları və ya xatirə abidələri kimi quraşdırılırdı-red.) forması “Toblerone” şokoladına bənzəsə də, içi boş idi. 

“Mən düşündüm ki, bu obyekt bir az qəribə görünür və məsələn, yağış sularının toplanması ilə bağlı elmi tədqiqatların atributu ola bilər. Amma sonra anladım ki, o, bunun üçün çox hündür və qeyri-adidir. Sonra obyektə yaxınlaşdım, hündürlüyü ən azı üç metr yarım idi, üçbucaq formasında idi, paslanmayan poladdan hazırlanmışdı. Monolit içi boş idi və mənə elə gəldi ki, kifayət qədər yüngüldür. İki nəfərin onu qaldırıb yerə qazması üçün kifayət qədər yüngül idi”,- R.Haynes “Sky News”a bildirmişdi.

2020-ci ilin noyabr ayında dünyanın müxtəlif ölkələrində sirli metal abidələr görünməyə başlanmışdı. İlk belə obyekt ABŞ-ın Yuta ştatında səhranın ortasında tapılmışdı. Noyabrın 18-də vəhşi təbiət resursları departamentinin işçiləri helikopterdən qalın buynuzlu qoçları sayarkən sirli obyektə rast gəlmişdilər. Paslanmayan poladdan hazırlanmış qeyri-adi abidə üç metr hündürlüyə çatırdı və dörd üzü var idi.

O zaman departament rəsmisi Nik Strit iddia etmişdi ki, monolit 50-60 il əvvəl quraşdırılıb. Bir müddət sirli obyektin dəqiq yeri açıqlanmadı, yerli orqanlar çox sayda turistin əraziyə gəlməsini istəmirdi. Tezliklə Nyu Yorkdakı David Zvirner qalereyasının əməkdaşları abidənin sirrini açdıqlarını bildirdilər. Onlar əmin idilər ki, obyektin müəllifi əvvəllər yaxınlıqda yaşamış və obyektin kəşfindən doqquz il əvvəl vəfat etmiş minimalist rəssam Con Makkrakendir. 

Əvvəlcə Makkraken qalereyasının sahibi bildirdi ki, rəhbərlik etdiyi qurum belə bir monolit quraşdırmayıb. O, bunun başqa bir rəssamın işi ola biləcəyini vurğulamışdı. Daha sonra o, mövqeyini dəyişdi və jurnalistlərə dedi ki, obyekt həqiqətən də “Conun əl işidir”. “Google Earth”də vasitəsilə aşkarlanan peyk şəkillərinə əsasən, “2001: Kosmik Odissey” filmindəki yadplanetli monoliti xatırladan obyekt ən azı 2015-ci ildən səhradadır.

2020-ci il noyabrın 27-də axşam saatlarında Yuta ştatında ucaldılan sirli abidənin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı xəbər yayıldı. Koloradolu fotoqraf Ross Bernards iddia edirdi ki, dörd nəfər monoliti sökərək, onu maşına yükləyib oradan uzaqlaşıb. R.Bernards xatırlayırdı ki, onlar moniliti yükləyib gedəndə belə dedilər: “Heç bir iz buraxmayın”. 

Həmin il dekabr ayının əvvəlində tur bələdçisi Silvan Kristensen sirli abidənin oğurlandığını və dağıdılmasını etiraf etdi. O, yoldaşları ilə birlikdə səhranı turistlərin işğalından və gələcək ziyandan qorumaq üçün qəribə obyekti məhv etmək qərarına gəlib. Onun sözlərinə görə, maraq göstərən insanlar ərazini zibilləyib, torpağı tapdalayıblar.

Daha sonra “Ən məşhur rəssam” kimi tanınan sənət qrupu monolitin səhrada quraşdırdığını etiraf etdi. Bundan sonra bütün dünyada sirli metal monolitlər görünməyə başladı. Parlaq sütunlar Rumıniyanın şimalında, daha bir neçəsi isə ABŞ-ın Kaliforniya ştatında müşahidə edildi. Böyük Britaniyanın Uayt adasında Yuta ştatından olan obyektin eynisi olan situn aşkar olundu. Əsrarəngiz sənət əşyaları Hollandiya, Kolumbiya, Almaniya, İspaniya, Macarıstan və Polşada da tapıldı.

Uelsdən əvvəl tapılan sonuncu monolit 3 il əvvəl Kanadanın Toronto şəhərində 31 dekabr 2020-ci ildə aşkarlanmışdı. Gecə saatlarında Ontario gölünün yaxınlığında hündürlüyü təxminən 3,5 metr olan obyekt peyda olmuşdu. Quruluşuna görə o, əvvəllər planetin başqa yerlərində tapılmış monolitlərə bənzəyirdi. Yerli hakimiyyət orqanları ictimai təhlükəsizliyə təhlükə görmədiklərini, buna görə də tapıntının yerində qalacağını bildirmişdilər. Daha sonra naməlum vandallar monoliti rəngləmişdilər.

Bununla belə, monolitləri kimin və niyə yerləşdirdiyi hələ də məlum deyil. Yutadan başqa heç kim hər yerdə sirli obyektlərin quraşdırılmasına görə məsuliyyət daşıdığını açıqlamayıb.

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ





Maraqlı