Qədim dövrlərdə böyük şəhərlərin birində maraqlı bir ənənə vardı. Belə ki, şəhərdə sıradan bir vətəndaş öldükdə, mərhum üçün kilsə zəngi cəmi 1 dəfə çalınırdı və onun adı-soyadı hamıya elan edilirdi.
Bir zadəgan vəfat etdikdə isə kilsə zəngi 2 dəfə səslənirdi. Kralın har hansı bir qohumu dünyasını dəyişəndə isə zəng 3 dəfə çalınırdı. Ən böyük hörmətə, əlbəttə, kral layiq görülürdü. Onun ölümünü elan edəndə kilsə zəngi 4 dəfə səsləndirilirdi.
Bir gün şəhərdə hər kəsin hüququnu qorumağa çalışan bir vətəndaşa məhkəmədə haqsız yerə cəza verildi və həmin şəxs bu haqsızlığa dözməyib öldü. Bu dəfə kilsə zəngi 5 dəfə çalındı...
İnsanlar heyrət içində idilər, tələsik keşişə tərəf qaçdılar:
– Ey, keşiş, kraldan daha vacib bir şəxs yoxdur, amma bu sadə insan öləndə zəng 5 dəfə çalındı?
Keşiş belə cavab verdi:
– Kraldan daha vacib bir şey var – Ədalət! Bu dəfə ölən Ədalətdir!
F. SALMANOVA
XQ

