Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 17-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Ələddin Əkbərov 1990-cı ildə düşmən tərəfindən girov götürüldüyünü deyib. Girovluqda saxlanıldığı 2 ay müddətində betonun üstündə yatdığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında deyib ki, girovluqda dişləri qırılıb, başı yarılıb, ona digər xəsarətlər yetirilib. Girovluqda olduğu müddətdə çəkisi 87 kiloqramdan 45 kiloqrama düşüb.
Zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyünü söyləyib. O, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan suveren ərazilərində, o cümlədən evlərdən birinin zirzəmisində, Xankəndidə, Şuşa həbsxanasında saxlanıldığını deyib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında bildirib ki, əsirlikdə saxlanılan zaman işgəncələrə məruz qalıb, dəyənəklə, yumruq və təpiklə döyülüb. Əsirlikdə olduğu üç ay müddətində ona az miqdarda çörək və su verilib.
Zərərçəkmiş Maarif Rüstəmov ifadəsində 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakı zamanı ağır yaralandığını söyləyib. O, hadisənin sentyabrın 27-də Kəlbəcər rayonu istiqamətində, Murovdağda baş verdiyini bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, həmin vaxt özündən başqa daha 2 nəfər yaralanıb, 4 nəfər şəhid olub.
İlham Əsgərov ifadəsində deyib ki, 1993-cü ilin iyul ayında Ağdərə istiqamətində döyüşlərdə 8 nəfər azərbaycanlı hərbçi ilə birlikdə əsir götürülüb. Bildirib ki, onunla birlikdə əsir götürülmüş Azər adlı azərbaycanlı işgəncə və döyülmə nəticəsində ölüb. Beş ay sonra qaçaraq əsirlikdən azad olub. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, əsirlikdə olduğu müddətdə döyülüb və işgəncələrə məruz qalıb: “İndi də əlimdə sınıq, başımda çat izləri qalır”.
Bəxtiyar Cəlilov ifadəsində bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Kəlbəcər rayonunda xidmətdə olarkən, oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində yaralanıb.
Süleyman Sofuyev 2016-cı ilin Aprel döyüşlərində əsgər kimi iştirak etdiyini və yaralandığını deyib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında həmin vaxt Ermənistan silahlı qüvvələrinin onlara qarşı hücuma keçdiyini, hadisənin düşmən qüvvələrindən müdafiə olunarkən baş verdiyini söyləyib.
Söhrab Əsgərov bildirib ki, 2023-cü il mayın 12-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, hadisə zamanı əsgər Məhəmməd Qarayev şəhid olub, daha bir neçə hərbçi isə xəsarətlər alıb.
Teymur Xıdırov 2020-ci ildə baş vermiş 44 günlük müharibədə, noyabrın 3-də avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralanıb. Həmin xəsarətlər nəticəsində səhhətində ciddi problem yaranmış zərərçəkmiş şəxs məhkəmədə çətinliklə ifadə verib.
“Mart ayının 20-də atamın, nənəmin və babamın meyitləri eyni yerdə tapıldı. Atam leytenant Firuz Kərimov çox dəhşətli işgəncələrlə qətlə yetirilmişdi. Hətta alnının dərisi soyulmuş vəziyyətdə idi. Nənəmin bir ayağı, bud hissəsindən aşağısı tamam yox idi”, - deyə o əlavə edib.
Sadiq Xudayarov ifadəsində Xocalı soyqırımı zamanı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə babasıgildə olduğunu bildirib. Onlar evlərini tərk etmək məcburiyyətində qalıb. Fevralın 27-də düşmən qüvvələri ilə rastlaşıblar. Həmin vaxt düşmənin açdığı atəşlər nəticəsində Mehdi adlı azərbaycanlı öldürülüb, S.Xudayarovun əmisi ayağından yaralanıb. Düşmən onları böyük dama yığıb. S.Xudaverdiyev bildirib ki, avtomatın qundağı ilə xəsarət yetirilməsi nəticəsində anası ikinci qrup əlil olub. Atası da işgəncələrə məruz qalıb, qabırğaları sındırılıb.
Fərzani Nəcəfzadə ifadəsində 2022-ci ilin avqust ayında Hadrutda düşmənin basdırdığı minanın partlaması nəticəsində xəsarətlər aldığını söyləyib.
Zamin Hətəmli ifadəsində göstərib ki, 2023-cü il dekabrın 7-də traktorla torpaq şumlayarkən Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət alıb, traktor isə yanaraq məhv olub.
Rəsul Cəfərov 1993-cü il yanvarın 4-də əsgər yoldaşı Afiq Qasımovla birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Onlar əvvəlcə Ağdərədə, daha sonra Qırmızı Bazarda və Şuşada saxlanılıblar. Əsirlik müddətində ona və digər azərbaycanlılara işgəncələr verilib. Üzərilərinə qaynar su tökülüb, bədəni bıçaqla kəsilib. “İndi mənim bədənimdə salamat yer yoxdur”, - deyə o bildirib. Qırmızı Bazarda fermada saxlanılarkən Artur adlı erməni Habil Bayramov adlı azərbaycanlının çənəsini qırıb. H.Bayramov yemək yeyə bilməməsi və aldığı xəsarətlər nəticəsində bir həftə sonra ölüb. Ermənistan silahlı qüvvələri hərbçilərinin göstərişi ilə azərbaycanlı əsir və girovlar H.Bayramovun meyitini fermanın yaxınlığında torpağı qazaraq basdırıblar. R.Cəfərov avqustun 24-də əsirlikdən azad edilib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.