BDU SABAH Mərkəzinin təşkilatçılığı ilə “İnformasiya savadlılığı və süni intellekt” mövzüsunda elmi seminar keçirilib

post-img

Bakı Dövlət Universiteti SABAH Mərkəzinin  təşkilatçılığı ilə “İnformasiya savadlılığı və süni intellekt " mövzusunda elmi seminar keçirilib. 

Tədbiri giriş sözü ilə açan BDU SABAH Mərkəzinin rəhbəri,  biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova seminarın əhəmiyyətindən danışaraq bildirib ki, məlumatların sürətli şəkildə yayıldığı və texnologiyanın hər sahəyə nüfuz etdiyi bir dövrdə, informasiya savadlılığı və süni intellektin rolu daha da artır. Seminarın əsas məqsədi tələbələrə informasiya savadlılığının və süni intellektin (AI) rəqəmsal dövrdə necə əlaqəli olduğunu vurğulamaq, bu anlayışların təhsil, sosial həyat və informasiya ekosistemindəki əhəmiyyətini və təhlükələrini çatdırmaqdır. 

Daha sonara Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın iqtisadi Siyasi Araşdırmalr İnstitutunun üzvü, media tədqiqatçısı və eksperti, filologiya üzrə fəlsəfə doktoru Leyla Rəşid “İnformasiya savadlılığı və süni intellekt: rəqəmsal dövrdə imkanlar, təhlükələr və yeni strategiyalar" mövzusunda təqdimatla çıxış edib. 

Məruzəçi informasiya savadlılığı və süni intellektin  rəqəmsal dövrün  əsas elementləri kimi xüsusiyyətlərindən danışıb. Bildirib ki, informasiya savadlılığı ömürböyü təhsilin əsasını təşkil edərək təməl insan hüquqlarından biridir. 

Rəqəmsal dövrün reallıqlarından biri də informasiya partlayışı və dezinformasiya problemidir. Dezinformasiya və yalan xəbərlər cəmiyyətin fikrini manipulyasiya etməyə və sosial gərginliyə səbəb ola bilər. İnsanların məlumatın doğruluğunu qiymətləndirmələri kritik əhəmiyyət kəsb edir. Süni intellektin gündəlik həyatda və informasiya əldə etməkdə rolu danışmazdır. Süni intellekt məlumatların analiz və təsnifi, fərdi təsris imkanları, media və informasiya savadlılığının artırılması kimi imkanlar təqdim etməklə yanası, dezinformasiya və deepfake texnologiyaları, filter bubble, alqoritmik yönləndirmə, məlumatların manipulyasiyası, etik problemlər və şəxsi məlumatların təhlükəsizliyi kimi təhlükələr yaradır – deyə tədqiqatçı vurğulayıb. 

Məruzədə yeni strategiyalar və yanaşmalar, təhsil sistemində informasiya savadlılığının tədrisi, süni intellektlə işləmə bacarıqlarının formalaşdırılması, süni intellektin simulyasiya edərək istifadəçiləri manipulyasiya etməsi, milli və beynəlxalq səviyyədə təşəbbüslər, həmçinin təhsildə və tədrisdə informasiya savadlılığı metodları, tənqidi düşüncə, mənbə təhlili və etik informasiya istifadəsi istiqamətdə elmi nəzəri yanaşmalar səsləndirib.  Qeyd edilib ki, gələcəkdə texnologiyalar inkişaf etdikcə süni intellektin cəmiyyətdə rolu daha da artacaq. 

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb. 

 













Son xəbərlər