Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.
Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 15-16-da qərb küləyi 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.