Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Gürcüstanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa hazırdır. Eyni zamanda, o vurğulayıb ki, ölkələr arasında münasibətlərin bərpası üçün hələ vaxt çərçivəsi yoxdur. Məlumatı “Kommersant” verib.
Dmitri Peskov jurnalistlərə açıqlamasında “Xeyr, dəqiq müddətlər yoxdur, lakin bir həqiqətdir ki, Rusiya həqiqətən münasibətləri normallaşdırmaq üçün addımlar atmağa hazırdır. Biz buna hazır və istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq".
Aprelin 11-də Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, hakimiyyət müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə “normal münasibətlərdə” maraqlıdır. O, diplomatik münasibətləri kəsən Tbilisi ilə Moskvanın ticarət tərəfdaşlığını qoruduğunu vurğulayıb. Aprelin 14-də Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin Rusiya tərəfinin Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
2008-ci ilin avqustunda Rusiya Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıdıqdan sonra Gürcüstan tərəfindən ölkələr arasında diplomatik münasibətlər kəsilib. Tbilisi bu əraziləri işğal olunmuş hesab edir.
P.ƏMİRCANOV
XQ