Türkiyənin “Haber Global” telekanalı Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı geniş videomaterial hazırlayıb. Dünən yayımlanan reportajda hazırda Xocalıda aparılan bərpa-quruculuq işləri barədə də tamaşaçılara məlumat verilib.
Telekanalın əməkdaşları erməni vandalların Xocalı şəhərinə, dinc sakinlərin üzərinə hücum etdikləri yerlərdə olublar, baş vermiş qanlı olay və qəsbkarların vəhşilikləri barədə ətraflı məlumat veriblər.
Reportajda qeyd olunub ki, əliyalın xocalılar gecə saatlarındakı vəhşicəsinə basqından canlarını qurtulmaq üçün Qarqar çayından keçərək meşəyə sığınıblar. Süjetdə faciənin baş verdiyi gecə havanın çox soyuq və qarlı olması səbəbindən meşənin daha dəhşətli hadisələrə şahidlik etdiyi vurğulanıb.
Erməni faşistlərin xain hücumu nəticəsində Xocalıda 613 dinc sakinin qətlə yetirildiyini diqqətə çatdıran telekanal əməkdaşları Azərbaycan hökumətinin bir il ərzində Xocalıda apardığı bərpa-təmir işlərindən, inşa edilən müasir mənzillərdən söz açıb, doğma şəhərlərinə qayıtmış yerli sakinlərin fikirlərini tamaşaçılara təqdim ediblər.
XQ