Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli və çoxtərəfli münasibətlər gündəliyində duran, habelə qarşılıqlı maraq doğuran digər məsələlər, həmçinin regional, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Yaxın Şərqdə vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, energetika, humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nazirlər alternativ enerji istehsalı sahəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı Qəzza ətrafında vəziyyət barədə də fikir mübadiləsi aparılıb, Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyi vurğulanıb.
XQ