YAP-ın təşkilatçılığı ilə Zəfər Günü mərasimi

post-img

Dünən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov məclis iştirakçılarını müasir dövlətçilik tariximizin ən qürurverici hadisəsi – zirvə nöqtəsi olan və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. Tahir Budaqov vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr Zəfər Gününü böyük coşqu ilə qeyd edir: “Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Ümummilli Lider Heydər Əliyevin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur”.

YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Azərbaycanın müasir tarixinin ən mühüm iki hadisəsi dövlət müstəqilliyimizin bərpa olunması və 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsidir.

Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Qarabağ” ordenli şəhid Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova çıxışında bildirib ki, Azərbaycan xalqı artıq 2020-ci ildən hər ilin noyabr ayını böyük sevinc və fərəh hissi ilə qarşılayır: “Çünki Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycanın igid oğullarının misilsiz şücaəti sayəsində Qarabağ əzəli sahiblərinə geri qaytarıldı”.

Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bildirib ki, Vətən müharibəsi Azərbaycan xalqının varlığını, kimliyini qorumaq uğrunda aparılan haqq mübarizəsi idi: “Hər bir azərbaycanlının qəlbində alışıb yanan Vətən sevgisi, dövlətə bağlılığı və milli kimliyimiz bizi bu zəfərə çatdırdı. Bu müqəddəs yolun hər addımı xalqımızın birliyini, ordumuzun qətiyyətini və dövlətimizin əzəmətini sübut etdi”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, 8 Noyabr təkcə hərbi gücümüzün qələbəsinin deyil, həm də xalqımızın birliyi, dözümü və vətənpərvərliyinin güclü bir rəmzidir: “Çünki həqiqi qələbə yalnız döyüşlərin nəticəsi ilə ölçülmür, millətin əzmi, vətənini qorumaq üçün sarsılmaz iradəsi və yenidən qurmaq, yenilik etmək və irəliləmək gücü ilə qeyd olunur. Dörd il öncə Prezident, Müzəffər Ali Baş Komandan

İlham Əliyevin ətrafında bir çağırış ilə birləşən Azərbaycan xalqı 30 illik ədalətsizliyə, dünyanın göz yumduğu məsələyə – Ermənistanın işğalçı siyasətinə son qoydu. Rəşadətli Azərbaycan Ordusunun Qələbəsi həm də daşıdığımız mənsubiyyətin – milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü idi”.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra 8 Noyabr Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.

XQ

Son xəbərlər