Hərbi Prokurorluqda birinci yarımillikdə qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev əməliyyat müşavirəsinin həsr olunduğu cinayətlərin istintaq və məhkəmə təcrübəsinin mütəmadi olaraq ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilməklə, kollegiyaların qərarlarına əsasən, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair aidiyyəti qurumların rəhbərlərinə məlumat məktubları, komandanlıqlara təqdimatlar, ərazi hərbi prokurorlarına icmal məktublar göndərilməsinin, həmçinin hər ilin əvvəlində tərtib edilmiş birgə tədbirlər planlarına əsasən nizam-intizamın, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə birlikdə görülən digər işlərin cinayətlərin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınmasındakı xüsusi rolunu qeyd edib.
Xanlar Vəliyev xüsusi vurğulayıb ki, bütün bunların nəticəsində 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.
Sonda Hərbi prokuror diqqətə çatdırıb ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.
XQ