Tarixçi-alim, akademik Yaqub Mahmudov sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
– Yaqub müəllim, növbədənkənar parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Seçki mədəniyyətdir, həm dövlət, həm də millət, cəmiyyət üçün strateji məsələdir. Bir xalqın seçkilərdə iştirakı onun gələcək taleyinin müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ona görə də istərdim ki, cavandan qocayadək hamı seçkilərdə fəal iştirak etsin. Milli Məclis çox mühüm orqandır və buna görə də parlament seçkiləri dövlət üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə indiki məqamda, dünyanın başının üstünü münaqişələrin aldığı bir dövrdə keçirilən seçkilər ikiqat məsuliyyət yaradır. Burada başqa bir məqam da odur ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanması bu seçkilərin əvvəlki seçkilərdən mənəvi cəhətdən üstünlüyünü artırır. Çünki ilk dəfədir ki, parlament seçkiləri bütün ölkəni əhatə edir. Bu, ərazi bütövlüyümüzün bərpasından sonra qazandığımız üstünlükdür.
– Parlament seçkilərinin ölkədəki siyasi proseslərə təsiri barədə nə deyə bilərsiniz?
– Seçkilərin özü böyük siyasi prosesdir. Bu prosesin yanında digər siyasi proseslər nisbətən sönük görünür. Lakin seçkilərin sabit, demokratik keçməsi qarşıdan gələn COP29 zamanı da Azərbaycanın əlini xeyli gücləndirəcək və ölkəmizin imicinə müsbət təsir göstərəcək. Bunun üçün də dövlətimiz xeyli işlər görüb. Görülən işləri qiymətləndirmək lazımdır.
– Yeni parlamenti necə görmək istərdiniz?
– Milli Məclisə seçilən deputat ilk növbədə vətənpərvər, fəal vətəndaş olmalıdır. Xeyli yeni namizəd görürəm. Dövlətimiz də onlara uğurlu təşviqat aparmaları üçün çox yaxşı şərait yaradıb. Bu, onu göstərir ki, dövlətimiz demokratik seçkilərin keçirilməsində, həmişə olduğu kimi, maraqlıdır. İnanıram ki, layiqli insanlar deputat kürsüsündə əyləşə biləcəklər. Əsas odur ki, fəaliyyətləri boyu xalqın, seçicilərin, dövlətin ümumi prinsiplərinə yaxından dəstək olsunlar. Çünki parlament xalqın bugününün və gələcəyinin güclü əsaslar üzərində qurulmasında mühüm rol oynayır. İstərdim ki, bizim yeni Milli Məclis də bu kriteriyalara cavab versin.
Anar ƏLİ
XQ