Bakı–Moskva: Müstəqil siyasi xəttin uğuru və yüksək etimad amili

post-img

Ənənəyə sadiqliyin dostluq və əməkdaşlıq təntənəsi

Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri nə qədər gözlənilməz sayılsa da, Azərbaycan və Rusiya arasında­kı münasibətlərin hazırkı yüksək dinamikası gözlənilməzlik amilini ikinci plana atır. Əlbəttə, hər bir halda bu amil sözünü deyir və ya­zımızda onu şərtləndirən cəhətlərə diqqət yetirəcəyik.

Bəli, hazırkı dövrdə, demək olar ki, dünyanın böyük əksəriyyəti Rusiyaya qarşıdır. Elə təsəvvür formalaşıb ki, bey­nəlxalq aləm nəhəng ölkəni parçalamağa hazırdır. Xüsusən, Rusiya–Ukrayna müha­ribəsi fonunda yaşananlar belə düşünməyə əsas verir. Mövcud situasiyada bəziləri V.Putinin Azərbaycana səfərini ölkəmizə ziyan vuracaq tendensiya kimi dəyərləndi­rirlər. Ancaq bir məqamı unutmaq olmaz. Azərbaycan Prezidenti İlham Əliyev belə düşüncə sahiblərindən qat-qat irəlidə ol­duğunu, hadisə və proseslərə münasibətdə rasional mövqe tutduğunu, düzgün qərarlar verdiyini həmişə sübuta yetirib. Deməli, Rusiyanın dövlət başçısının ölkəmizə gə­lişinə münasibət heç də tam mənada dün­yanın mürəkkəb siyasi təbəddülatlarına nəzərən qurulmamalıdır. Yəni ki, haqqında söz açdığımız gözlənilməzlik yox, Bakı və Moskva arasındakı əlaqələrin güclənən di­namikası əsas götürülməlidir. 

Həm də o nəzərə alınmalıdır ki, Azər­baycan öz siyasətini heç də dünyanın ümu­mi axarına, diktə edilən şərtlərə uyğun qurmur. Ölkəmizin müstəqil dəst-xəttini xarakterizə edən başlıca cəhət elə budur. Rəsmi Bakı regionda sülhün, təhlükəsizli­yin möhkəmlənməsinə yönəlmiş konseptu­al baxışına sadiqdir. Mövcud kontekstdəki ən başlıca məqam qonşu ölkələrlə qarşı­lıqlı faydalı əməkdaşlığın inkişafıdır. Bu trayektoriyada Rusiyanı Azərbaycan üçün böyük bazar kimi qəbul etmək zərurəti də var, ölkənin əsrlərdir Cənubi Qafqaza bağlılığı prioriteti üzərində dayanmaq da. Deməli, diqqətə çatdıracağımız rəqəmlər heç kəsi təəccübləndirməməlidir. 

Azərbaycan – Rusiya əlaqələri dövlət­lərin müstəqilliyi, ərazi bütövlüyü, bəra­bərhüquqluluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir. Bu, yaxın dostluq münasibətlərindən, dövlətlərarası dialoqun yüksək səviyyəsindən qaynaqlanır. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ər­zində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572,8 milyon dollar təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 127,5 milyon dollar artıb. Həmçinin, hesabat dövründə Rusiyadan Azərbayca­na ixrac 10,6 faiz artaraq 1 milyard 916,7 milyon dollara bərabər olub. Bu dövrdə Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, cari ilin yanvar – iyul ayları ərzində Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Həmçi­nin, Azərbaycandan Rusiyaya əsasən mey­və-tərəvəz (pomidor, kartof, alma, meşə fındığı, albalı, çiyələk, xurma və sair) meyvə şirələri, ilkin formalı propilen sopo­limerləri və başqa məhsullar ixrac edilib. 

Bundan başqa, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ümumi ticarət dövriyyəsinin 9,57 faizinə bərabər olub. İki ölkə arasında iqtisadi əlaqələrin inki­şafı baxımından onu da deyə bilərik ki, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz arta­raq 4,5 milyard dollar səviyyəsinə yüksə­lib. Bu mənada 2024-cü ildən daha yüksək nəticə gözlənilir. Sənaye, kənd təsərrüfatı, turizm və tranzit axını, yük daşımalarının həcminin artması proqnozlaşdırılır.

Bəli, bütün bunlar Azərbaycan–Rusiya bağlılığı ilə bağlı ciddi göstəricilərdir və nəzərə alaq ki, bu göstəricilərin mövcud­luğu həm də ənənədən xəbər verir. Yeri gəlmişkən, Moskvanın belə bir əməkdaşlıq ənənəsi başqa postsovet respublikalarına münasibətdə qorunur. O cümlədən, Ermə­nistana münasibətdə. Ancaq rəsmi İrəvan bunu nəzərə almır. Nəzərə almır ki, Ermə­nistanın hazırkı iqtisadi inkişaf tempində başlıca rolu Rusiya oynayır. Axı Ermənis­tan həmişə Rusiya bazarına ehtiyac duyub. Əslində, soyuq yanaşsaq, hər iki tərəfin bir-birinə ehtiyacı var. Əsas məsələ ehti­yacı digər vasitələrlə aradan qaldırmaq po­tensialıdır ki, bu baxımdan Rusiyanın daha üstün mövqedə olduğunu söyləməyə ehti­yac yoxdur. Çünki hər şey bəllidir. Necə deyərlər, Rusiya erməni əriyi olmadan da yaşaya bilər. Ermənistan isə... 

Ancaq məsələyə sırf ehtiyac pəncərə­sindən deyil, haqqında söz açdığımız ənənə kimi baxmaq daha doğru olardı. Məsələ ondadır ki indiki erməni iqtidarı məhz ənənəni yox etməyə çalışır. Mehriban qon­şuluq siyasətinə zidd təmayül də elə budur. Azərbaycan və Rusiyanın birgə əməkdaşlı­ğındakı konturlar isə tarixən formalaşmış ənənələrə zidd hallara münasibətdə birgə müqavimət gücünü saxlaması ilə seçilir. Bu, hər iki ölkə iqtidarının əməyinin bəh­rəsidir, nəsillərə miras qalacaq müstəsna uğurdur. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, iqtisadi-ticarət əlaqələrinin yüksəlməsi iki ölkənin mövcud potensia­lına əsaslanır. Yəni, bu, Ermənistanda ol­duğu kimi, beynəlxalq sanksiyalar altında olan məhsulların ixracı hesabına deyil.

Bütün bunlar öz yerində, onu qəbul etməyən dünyanın Rusiyanın varlığı ilə hesablaşması indilik çox çətin görünür. Rusiya–Ukrayna müharibəsinin uzanması, savaşın daim fərqli çalarlar əldə etməsi, kollektiv Qərbin anti-Moskva ovqatının güclənməyə doğru getməsi fonunda Ru­siyanın regionun böyük ölkələrindən biri kimi qəbul edilməsi, Azərbaycanla ta­rixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malik olduğunun əsas götürül­məsi adi məsələ sayıla bilməz. 

Sonda bir məqama da diqqət yetirək. Söhbət Rusiyanın Azərbaycana etimadın­dan gedir. Etimadın, belə demək müm­künsə, məhsullarından söz açdıq. Bir daha deyək ki, Azərbaycan müstəqil siyasət yeri­dir. Bu, dövlətimizin milli maraqları üstün tutma xəttidir. Rusiyada bu xətti düşünül­müş, məntiqi sayırlar və bu ölkənin xarici siyasətində mühüm rola malikdir. Bu xəttin təmsilçilərinin də üstün tutduqları məhz etimad amilidir. Deməli, Rusiyanın hazır­kı düşüncə düzənində Azərbaycanın həm Qərblə, həm Ukrayna ilə, həm də Rusiya, İran və digər ölkələrlə yüksək səviyyəli əlaqələrinin olmasına təbii yanaşılır. Eyni zamanda, ölkəmizin istər BRICS, ŞƏT kimi platformalarda iştirakına, istərsə də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əmək­daşlığına münasibət normaldır. Həmçinin, nəzərə alınır ki, Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olan Azərbaycan hər­bi-siyasi platformalara qatılmır. Bir sözlə, ölkəmiz Rusiyaya münasibətdə mehriban qonşuluğu hər zaman öndə tutur.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət