“Azərbaycanın regionda artan əhəmiyyəti nəzərə alınmalıdır”

post-img

Rusiyalı politoloqun fikrincə, Putinin Bakıya səfəri Moskvanın dünyadan kənar olmadığına dair mesajıdır

Prezident Vladimir Putinin Bakıya səfəri dünyanın, elə Rusiyanın siyasi ekspertlərinin də diqqət mərkəzindədir. Səfərlə əlaqədar müxtəlif rəylər, fi­kirlər və mülahizələr var. Yazımızda onlardan biri barədə söz açacağıq. Həm də ona görə ki, istinad edəcəyimiz siyasi icmalçının bildirdiklərində müəyyən məxsusilik, standartlardan kənar yanaşma var. 

Bəli, rusiyalı politoloq Sergey Marke­donovun sözlərindən belə çıxır ki, Puti­nin Azərbaycana dövlət səfəri Rusiyanın özünü xatırlatmaq fürsətidir. Ekspert bu xatırlatmanı “biz getməmişik” şəklində ifadə edir. Yəni ki, Moskva dünyadan kə­nar deyil. Deməli, Azərbaycan Rusiyanın dünyadan kənar olmadığının, belə demək mümkünsə, nümayiş platformasıdır. Mü­vafiq olaraq, ölkəmizin Kremllə bey­nəlxalq aləm arasındakı körpü missiyası ön plana gəlir. Əslində, mövcud anlamda Markedonovun fikirləri dünyanın bir çox ekspert dairələrinin baxışları ilə üst-üstə düşür. Ancaq politoloqun yanaşması bir qədər fərqlidir. 

Beləliklə, S.Markedonov bildirir ki, Putinin Bakıya gəlişi Rusiyanın öz məna­felərini nəzərə alaraq, dünya ilə maraq­lanmasının təsdiqidir. Ekspert Kreml rəh­bərinin Azərbaycana yeddinci dəfə səfər etdiyini xatırladıb və deyib ki, Putinin sələfi Boris Yeltsin heç vaxt Azərbaycana rəsmi məqsədlərlə gəlməyib, Bakıda yal­nız istefa verdikdən sonra “fəxri təqaüdçü” qiyafəsində olub.

Zəruri haşiyə çıxaq ki, dövlət agentliyi TASS Rusiya Prezidentinin Bakıya səfəri əsnasında yaydığı açıqlamada Moskvanın Azərbaycan və Ermənistan arasında mü­nasibətlərin normallaşması üçün kömək göstərməyə hazır olduğunu bildirib. Daha doğrusu, söhbət Bakı – İrəvan normallaş­masına yardımın davamına hazır olmaqdan gedir. Xəbərdə o da vurğulanıb ki, “əsas vəzifələr sülh müqaviləsinin imzalanması, Azərbaycan – Ermənistan sərhədinin de­limitasiyası və demarkasiyası prosesinin təşviqi, məlum 2020-2022-ci illərin ən yüksək səviyyəli üçtərəfli sazişləri əsasın­da regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin bərpasıdır”.

Rusiya və Azərbaycan dövlət başçıla­rının 2024-cü ildə üçüncü dəfə görüşmələ­rinə diqqət çəkən Markedonov isə Ukrayna müharibəsi üzərində dayanıb. Onun sözlə­rindən gəlinən qənaət budur ki, Kurskun timsalında müharibənin Rusiya torpaqla­rına çatması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının Moskva üçün prioretlik dərəcəsini ikinci plana atıb. Bununla yanaşı, Markedonov əmindir ki, Rusiya məsələdən əlini çək­mək istəmir: “Bu məsələ Rusiya üçün hər zaman vacib olacaq. Rusiya Qafqaz dövlə­tidir, ona görə də Moskva barmağını böl­gənin nəbzində saxlamaq istəyir”.

Politoloq ona da əmindir ki, dəfələr­lə səslənmiş tezislərə və tərəflərin təqvim ilinin sonuna qədər, sözün həqiqi mənasın­da, müvafiq sazişi imzalayacaqlarına dair açıqlamalara baxmayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlər sülhdən və real normallaşmadan uzaqdır. “Kollek­tiv Qərb Moskvanın Qafqaza diqqətinin müəyyən qədər zəifləməsindən ABŞ+Aİ adından sülhə nail olmaq üçün istifadə etməyə çalışır”, – deyən Markedonov bu­nun Moskvanı qane etmədiyini deyib. O, özünün Putinin Bakıya səfəri ilə bağlı dilə gətirdiyi “biz getməmişik”, “özümüzü xa­tırlatmaq” məntiqini bu baxımdan da əsas­landırıb. 

Politoloqun əvvəldə anons etdiyimiz fi­kir fərqliliyindəki bir məqam da budur. Ən əsası isə siyasi icmalçının “biz Rusiyanın maraqlarını nəzərə alaraq sülhdə maraqlı­yıq. Əgər İrəvanda bunu eşitmək istəmir­lərsə, biz Bakıda eşidənlər tapmağa çalı­şacağıq” fikridir. Hesab edirik ki, belə bir ifadə tərzi Rusiyanın ictimai-siyasi indust­riyasının Ermənistana xəbərdarlığı, hətta hədə-qorxusu kimi də dəyərləndirilə bilər. 

Markedonov onu da qeyd edib ki, Azər­baycan anti-Rusiya sanksiyalarından uzaq dayanır, Moskva ilə Vaşinqton (+Brüssel) arasında davam edən qarşıdurma fonun­da, Rusiya ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu göstərir: “Burada ortaq məqam­lar var. Amma, gəlin, dürüst olaq: Burada hər kəs öz məqsədlərini güdür, altruizm və şəxsi planda heç bir şey yoxdur”. 

Məlumdur ki, bir çox siyasi ekspert­lər Putinin Azərbaycana səfəri fonunda Moskvanın Bakıya, bir növ, tam və yekdil dəstəyi ritorikasını qabardırlar. Bu mənada Markedonov ehtiyatlıdır. O, danışıqların nəticəsini gözləməyi təklif edir. Bildirir ki, Moskvadan başqa Bakının Ankara ilə stra­teji müttəfiqliyi var və mövcud müstəvidə hər şey bəzilərinin istədiyi kimi aydınlıq paradiqmasından uzaqdır. 

Azərbaycanın Türkiyə ilə dialoqda öz payını artırmaq üçün Rusiya faktorundan istifadə etdiyini bildirən S.Markedonov onu da deyib ki, rəsmi Bakı Qərblə Rusiya, Rusiya və Türkiyə arasında “son seçim” etməyə çalışmır. Sadəcə, Azərbaycanın regionda artan əhəmiyyəti nəzərə alınmalı­dır. Moskva bundan maksimum şəkildə öz milli maraqlarını nəzərə alaraq faydalan­malıdır. “Eyni zamanda, Ermənistanı, Gür­cüstanı, Suriya və İranı da unutmamalıdır”, – deyən politoloq fikrini tamamlayıb.

Ə.RÜSTƏMOV
XQ

Siyasət