Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Rusiya Erməniləri İttifaqının bu ölkənin Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı müraciətini media üçün şərh edərək bildirib ki, bu anti-Azərbaycan aksiya erməni diasporunun fürsətçiliyini və avantüraya meyliyini bir daha aydın nümayiş etdirir.
Açıqlamada göstərilir: “Görünür, qurumun rəhbəri Ara Abramyan və onun yaxın ətrafı belə əsassız çağırışlarla Rusiya rəhbərliyinin mövqeyinə təsir göstərəcəklərini və bu yolla Azərbaycanı öz mövqeyindən çəkinməyə məcbur edə biləcəklərini düşünürər. Bu faktın özü bir daha göstərir ki, erməni lobbi təşkilatları hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, dünya erməniliyinin və Ermənistan dövlətinin maraqlarını əsas götürür və həmin ölkənin rəsmi siyasətinə təsir göstərməyə çalışırlar. Bir çox hallarda irəli sürülən tələblər həmin ölkələrin milli maraqları ilə tam ziddiyyət təşkil edir və ikitərəfli münasibətlərin zədələnməsinə, hətta pozulmasına gətirib çıxarır”.
Erməni lobbisinin maraqlarının ifadəçisinə çevrilmiş Fransanı və onun prezidenti Emmanuel Makronu bədnam nümunə kimi xatırladan AMŞ sədri qeyd edir ki, məhz Fransa rəhbərinin əsassız iddialarının, ermənipərəst siyasətinin və beynəlxalq hüquq normalarına hörmətsiz münasibətinin nəticəsidir ki, vaxtilə inkişaf edən Fransa–Azərbaycan əlaqələri bu gün tarixinin ən acınacaqlı dövrünü yaşayır: “İndi isə Ara Abramyan, Marqarita Simonyan, Aram Qabrielyanov və bu kimi digər erməni diaspor rəhbərləri və fəalları zənn edirlər ki, analoji ssenarini Rusiyada təkrarlayaraq rəsmi Moskvanı Azərbaycanla təzyiq və tələb dili ilə danışmağa məcbur edə bilərlər”.
Açıqlamanın davamında deyilir ki, Rusiya illərlə Ermənistana hərtərəfli dəstək göstərməsinə baxmayaraq, bu gün Nikol Paşinyanın hökuməti Qərblə yaxınlaşmaq və rəsmi Moskva ilə əlaqələrini kəsmək yolunu tutub: “Bu riyakarlıq fonunda Rusiya rəhbərliyinin, ələlxüsus da Vladimir Putin kimi nüfuzlu siyasətçinin erməni lobbisinin istək və arzularına uyğun şəkildə dost ölkələrlə münasibətlərə xələl gətirəcək addımlar atacağını gözləmək yalnız primitivliyin və sadəlövhlüyün əlaməti ola bilər. Artıq Rusiyanın rəsmi dairələri, siyasətçiləri, tanınmış ictimaiyyət nümayəndələri də yaxşı bilirlər ki, nə Ermənistana, nə də onun maraqlarının ifadəçisi olan erməni lobbisinə inanmaq, bel bağlamaq olmaz”.
Media qurumu rəhbəri sonda onu da bildirir ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri proqramının zənginliyi, səfər çərçivəsində Prezident İlham Əliyevlə apardığı müzakirələr, səsləndirdiyi fikirlər Azərbaycan–Rusiya münasibətlərinin bu gün yüksək səviyyədə olduğunu göstərir: “Buna görə də erməni lobbisi pozucu əməllərini davam etdirmək və müxtəlif avantüralarla öz naqis məqsədlərinə nail olmaq yolundan çəkinməli, bununla Azərbaycanın dünyadakı nüfuzuna, ayrı-ayrı ölkələrlə, o cümlədən də Rusiya ilə münasibətlərinə xələl gətirə bilməyəcəyini anlamalıdır”.
XQ