Qələmin çağdaş ziyalılıq örnəyi

post-img

Rəşad Məcid – 60

Jurnalistikamızın və ədəbiyyatımızın tanınmış nümayəndəsi, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyi sədrinin müavini, Əməkdar jurnalist Rəşad Məcidin 60 yaşı tamam olur. Sənədli və bədii yaradı­cılıqda istedadlı qələm sahibi kimi tanınmış, müstəqillik dövrünün ilk demokratik nəşrlərindən olan “525-ci qəzet”in təsisçisi və baş redaktoru, neçə-neçə publisistik və şeir kitabının müəllifi Rəşad Məcidi ölkəmizdə kiməsə tanıtmağa ehtiyac yoxdur. 

Kütləvi auditoriyaya yönəlik sözün icti­mai dəyərini və bədii siqlətini yüksəltməyə 40 ildən artıq bir dövrdə samballı töhfələr verən həmkarımızı onun orijinal yaradıcı­lığı və əhatəli ictimai fəaliyyəti cəmiyyətə iri planda təqdim edib. Xalq şairi Məmməd Araz Rəşad Məcidin dəyərli yazar obrazını illər öncə belə düsrurlaşdırmışdı: “Xalqımı­za belə oğullar lazımdır –vətənpərvər, ziya­lı, dövlətçiliyimizi sevən, dövlətçiliyimizi qorumaq üçün canından keçə bilən oğullar. Rəşad belə oğuldur”.

Rəşad Məcidi ölkəmizdən kənarda yaşayan ziyalılarımız, bütövlükdə, Dün­ya azərbaycanlılarının ictimai fəal kəsimi də yaxşı tanıyır. Onlardan biri də 40 ildən bəri Moskvada yaşamaq taleyi nəsib olan yazıçı-jurnalist kimi mənəm. Biz Rəşadla BDU-nun jurnalistika fakültəsində bir neçə kurs fərqi ilə eyni vaxtda təhsil almışıq. İlk yazılarından öz üslubu və orijinal mövzula­rı ilə seçilirdi. Sonrakı illərdə onun yaradı­cılığı və media quruculuğundakı fəaliyyəti daim yüksəlişdə olub.

Mən bu prosesi ardıcıl və diqqətlə izlə­diyimdən həmkarımın yubileyində deməyə xeyli sözüm var. Bilirəm ki, gözəl şairimız Məmməd Araz kimi və onlarca dəyərli in­sanların dediyi sözlərdən sonra mənim işim çətin olacaq. Lakin təəssürat və mü­lahizələrimi yığcam ifadə etməyə çalışa­cağam. Son 10 ildə Vətənimizə daha çox gəlib-gedirəm, kitablarım çap olunur, sosi­al şəbəkələr isə coğrafi uzaqlığı yox edib, fiziki məkan anlayışını dəyişib. Bu virtual əlçatanlıq Rəşad Məcidi daha yaxından tanımağıma imkan yaradıb. 

Rəşad müəllimin bir qərinədən bəri rəh­bərlik etdiyi "525-ci qəzet"lə əməkdaşlığa başlayanda onu yaradıcı əməkdaşlıqda ta­nımaq üçün başqalarından soraqlamışam, necə insan, necə qələm adamı olduğunu bir daha dürüstləşdirmişəm. Müstəqil qəzetin baş redaktoru kimi Rəşad Məcid barədə mənə etirazçı, heç kimi bəyənməyən yazı­çılardan tutmuş, ədəbi mühitin ağsaqqalla­rına qədər çox adam öz təqdimatını çatdır­dı, müxtəlif mətləblər anlatdı. 

Fikirləri, dəyərləri bir-birindən yer­lə-göy qədər seçilən bu adamların hamısı­nın təsvirində eyni orta xətt keçirdi: "Rəşad müəllim mərd adamdır. Heç kimə pislik eləməz. İstedadlı adamlara mənfi münasi­bəti yoxdur. Əksinə, kimdə işıq görsə, çalı­şar ki, əlindən gələn köməyi eləsin. Rəşad müəllim qələm adamına yalnız istedadına görə qiymət verir. O, tənqidə açıq adamdır, bədxahının da əlini sıxır, umacağını cavab­landırır. Çalışır ki, ilişənin yolunu açsın”.

Rəşad Məcidin bioqrafiyası bu deyilən­ləri artıqlaması ilə təsdiqləyir. Müxtəlif mükafatlar, adlar, səfərlər, təqdimatlar zən­gin bir ədəbi-publisistik karyeranın yekunu kimi göz önündə canlanır. Mən cəmiyyətin də, ictimai tərbiyənin də insan xasiyyətinə göstərdiyi təsirə inanıram. Amma psixoloq­lar deyirlər ki, insanın mahiyyəti 7 yaşına qədər gördükləri, öyrəndikləri, yaşadıqları ilə formalaşır. O yaşa qədər nə görübsə, necə görübsə insanın xəmiri onunla yoğru­lur. 

Rəşad Məcid kifayət qədər imkanlı ailədən gəlib. Yaxınlarının, onu tanıyan insanların dediyinə görə, ədəbiyyata, pub­lisistikaya qarşısıalınmaz sevgidən gəlib. Yaxşı bir iş adamı, biznesmen olmaq im­kanına daha üstün ikən jurnalistikanı, po­eziyanı seçib. Yazıya, kitaba, şeirə heç vaxt imkan, pul qazanmaq yolu kimi baxmayıb. Səmimi bir sevgi ilə bağlanıb sözə, qələmə.

Onun yaradıcılığına və həyat tərzinə yaxından bələd olan Əməkdar jurnalist Tahir Aydınoğlunun dedikləri: 

– Rəşad Məcid özü-özünü yetişdirib yüksəltmiş insandır. O, maddi təminat içə­risində doğulub böyüsə də, maddi varidata yox, mənəvi zənginliyə təşnəliklə yaşayıb və irəli gedib. İstedadlı və zəhmətkeşdir. Açıq və işıqlı şəxsiyyətdir. Vətən sevgisi və ictimai fəallığı onu ikiqat yüksəldir. Daim çoxluğa qarışmaq həvəsi ilə çalışır. Onun iki böyük uğuru var. Birincisi, ilk demok­ratik nəşrlərdən biri olan “525”i azad, xəlqi və elitar nəşrə çevirib bugünədək yaşatmaq, media tariximizdə xüsusi yer tutan qəzet kimi məşhurlaşdırmaq. İkincisi, jurnalisti­kanı ədəbi aləmlə qovuşdurub öz fəaliyyə­tində yeni bir keyfiyyətə çevirmək.

Bir sözlə, Rəşad Məcid qələmlə mü­barizə meydanında yaxşı nə varsa, böyük Zərdabi demiş, onun “qədərinin müru­ri-zamanla çoxaldılması”na xidmət edən yaradıcı xadimdir. Xalqın və dövlətin, eyni zamanda, hörmət və rəğbətini qazanmaq çox az adama qismət olur. Rəşad Məcid bu azlıqda zənginlik qazanıb – mənəvini mad­diyyata çevirməyi bacarıb.

Həmkarımız haqlıdır: Rəşad Məcidin istedadlı insanlara, sözün qədrini bilənlərə, yazısı dəyərli olanlara sevgisi, qayğısı da məhz həyatın gözəlləşməsinə sözlə xidmət etmək amalından qaynaqlanır! 

Hər zaman ümid yeri olasınız, Rəşad müəllim! Hərəsi bir dəyərə, fikrə inanan o qədər fərqli insanların ortaq sevgi ünvanı olmaq, bu qədər insanın rəğbətini qazan­maq asan deyil. Ədəbiyyat, jurnalistika cəb-həsində köməyə ehtiyacı olanlara göstərdi­yiniz diqqət-qayğıya görə çox sağ olun!

Bəzən etmədiklərimizə, yazmadıqla­rımıza yenidən qayıtmaq fikrinə düşürük. Bəlkə də, Rəşad müəllimin heyifsiləndiyi işlər, yarımçıq qoyduğu yazılar olmayıb. Zamanında nə bacarıbsa edib, nə düşünüb­sə sətirlərə töküb.

Bu gün isə 60 il əvvəl onun dünyaya göz açdığı təqvim səhifəsidir. Bu gün ötənlərin yekunu və yeni başlanğıcdır. Rəşad Məcid bu ömür keçidindən daha gözəl, müdriklik müjdəli illərə qədəm qoyacaq. Bəli, haqlı deyirlər ki, insan həyatına müdrikliyi, də­rin düşüncələri 60 yaş gətirir. Ən doğru qə­rarları bu yaşda verir insan. Necə deyərlər, düşünüb yaşamağa başlayır insan. 

Rəşad müəllim, siz də bu gün yeni­dən gəlirsiniz həyata. Yeni yollar, növbəti əməllər, daha xoş arzular gözləyir sizi. Ar­tıq gənclikdəki kimi dağ döşündə, çığırlar­da, çətinliklər ağuşunda deyil, uğurlar zir­vəsindən baxırsınız həyata. İndi Şuşanın, Kəlbəcərin, Laçının oğullarımızın qanı bahasına azadlığına qovuşmuş dağlarının, təbiətinin yeni mənalandırmaları gözləyir sizi. Həsrət ilə illərlə yanıb-yaxıldığımız Qarabağın indiki dirçəliş, qarşıdakı yük­səliş günləri sizi çağırır, yeni yazılarınızı gözləyir.

Nəhayət, fikirləşdim: nə hədiyyə edə bilərəm 60 yaşınıza? Düşündüm ki, yaza­rın hədiyyəsi ancaq gerçəyi söyləyən söz­dür. Həmkarımıza yubiley töhfəmiz sev­gimizi, dəyərimizi cansağlığı, yeni uğurlar diləməklə çatdırmaqdır. Bir də, həmişəki kimi, xeyirxah, yüksək könüllü olun! İna­nırıq ki, yenə sadə, gülərüz olacaqsınız! Bir 60 da yaşayasınız, ürəyinizdən keçən­lərin hamısına çatasınız! 

Ulduz QASIM,
yazıçı-publisist

Moskva

Mədəniyyət