Zəngin mədəni irsimiz turizmin inkişaf qaynağıdır

post-img

Dövlət Turizm Agentliyinin 6 aylıq məlumatında qeyd olunur ki, ötən dövrdə qurumun tabe­liyində olan qoruqları 305 min 376 nəfər ziyarət edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, (201 min 138 nəfər) 52 faiz artım deməkdir. Qoruqlara gedənlərin 218 min 967 nəfəri xarici ziyarətçidir. Bu da ötənil­ki göstəricilərlə müqayisədə 78 faiz artım deməkdir. 

Ümumiyyətlə, Azərbaycanın mədəni turizm marşrutlarına maraq hansı sə­viyyədədir? Turizmin bu növünün inki­şafına əngəl yaradan səbəblər nələrdir?

Mədəni irsin idarə edilməsi sahəsin­də Azərbaycanda 4 məsul dövlət qurumu var: Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Me­marlıq Qoruğu İdarəsi, “Şuşa şəhəri” Döv­lət Qoruğu İdarəsi. Tarixi resurslar birbaşa mədəni turizm məhsulu kimi başa düşül­məməlidir. Lakin bu resurslardan səmərəli istifadə etməklə, turizm məhsulu yaratmaq mümkündür. Tarix-mədəniyyət abidələ­ri və qoruqların turizm şəbəkəsinə cəlb olunması böyük əhəmiyyət daşıyır. Xari­ci səyahətçilər tarixi abidələrimizə daha çox maraq göstərir. Azərbaycana üz tutan səyahətçilər də, ilk növbədə, belə tarixi mə­kanların ziyarətinə üstünlük verirlər. 

Yaşı əsrlərə dayanan məkanların turizm sahəsinə sürətli inteqrasiyasını təmin etmək dövlətimizin əsas məqsədləri sırasındadır. Həyata keçirilən tədbirlərin nəticəsi göstə­rir ki, bu istiqamətdə artıq müəyyən irəlilə­yişlərə nail olunub. Regionlarda tarixi mə­kanlara turistlərin ziyarətini təşkil etmək üçün yol infrastrukturunun qurulması, təh­lükəsizlik, yüksək servis xidmətləri, rahat hərəkət kimi məsələlər nəzərə alınmalıdır. Bundan sonra həmin tarixi obyektləri tu­rizm marşrutu kimi təbliğ etməyə imkanlar yaranır. Adını qeyd etdiyimiz qurumların bu sahənin inkişafı üçün koordinasiyalı şə­kildə əməkdaşlıq etmələri də zəruridir. 

Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, Azərbaycanda mədəni tu­rizm marşurutları ən çox bölgələri əhatə edir: 

– Ölkəmizin kifayət qədər mədəni tu­rizm potensialı var. Abidlər və qoruqlar xalqımızın keçmişdən bu günə gəlib çatan mədəniyyətini özündə ehtiva edir. Vətəni­mizə üz tutan turistlər istəyirlər ki, ölkədə mövcud olan bütün turizm məhsullarından istifadə etsinlər. Buraya sağlamlıq, dağ, mətbəx, mədəni turizmlər və digər səyahət növləri daxildir. Turizmin bir çox sahələ­rində olduğu kimi, mədəni marşrutlarda da səyahətçi məmnunluğu yaratmalıyıq. Tarixi abidələri və qoruqları görməyə ge­dən turist qrupları ölkə tarixi ilə yaxından tanış olur, mədəniyyətimiz barədə bilgilər əldə edirlər. 

Müşahidələr göstərir ki, bu gün turist­lər tarixi abidələrlə daha yaxından maraq­lanırlar. Biz də bunlara əsasən, sözügedən sahənin tanıdılmasını yüksək səviyyədə qurmalıyıq. Bakı, Şəki, Qəbələ və işğal­dan azad edilmiş rayonlarımızda mövcud abidələri mədəni turizm marşrutları kimi gələn turistlərə düzgün təqdim etməklə, biz ölkəmizin tarixini, mədəniyyətini təbliğ et­miş oluruq. Turizmin daha da inkişafı üçün zəruri addımlar atmalıyıq. Ölkəmizdəki abidələrdən turizm məqsədi üçün lazımi sə­viyyədə istifadə etsək, daha çox turist cəlb edə bilərik.

Ölkəmizdə mədəni və etnoqrafik turların təşkilinə böyük ehtiyac duyul­duğunu deyən turizm üzrə ekspert Rus­lan Quliyev bildirdi ki, hələ ki, mədəni turizm sektorunun inkişafına dəstək im­kanları öyrənilir, iqtisadi faydalılıq əm­salı dərindən araşdırılır:

– Yanardağ qoruğu və Atəşgah məbədi il ərzində 200 mindən çox turisti qəbul et­mək imkanına malikdir. Digər mədəni irs nümunələrinin də səyahətçilərin nümayiş obyektlərinə çevrilməsi üçün məqsədyön­lü planlar hazırlanmalıdır. Sahənin turizm imkanları daxilində arzuolunan səviyyəyə çatdırılması mədəniyyətimizin təbliği baxı­mından da geniş imkanlar yaradır. Yəni digər ölkələrdə olduğu kimi, turizmin bu növündən bizdə də mədəni təbliğat vasitəsi kimi də istifadə oluna bilər. 

Dünya üzrə UNESCO irsinin bəlli bir marşrut xəritəsi var. Azərbaycanda da bu təşkilatın mədəni irs siyahısına daxil olan abidə və qoruqlar var. Turistlər həm də belə yerləri ziyarətə üstünlük verirlər. Ümum­dünya Turizm Təşkilatının dərc etdiyi məlumatlara nəzər yetirdikdə görürük ki, mədəni turizm anlayışı festivallar, mədəni tədbirlər, incəsənət təqdimatlarının təşkili, habelə muzeylərin, abidələrin və müqəd­dəs yerlərin ziyarəti kimi fəaliyyət nəzərdə tutulur.

Ölkə tarixinin tanıdılması, mədəniyyə­tin təbliği baxımından abidə və qoruqlara turist axınını təşkil etmək xüsusi önəm kəsb edir. Azərbaycanın aidiyyəti qurumları nü­fuzlu beynəlxalq tədbirlərdə ölkənin mədə­ni irsinin təbliği yönündə fəaliyyət göstə­rirlər. Görülən işlər ölkənin zəngin turizm potensialına diqqəti cəlb etmək baxımından faydalıdır. 

Mütəxəssis yanaşmaları göstərir ki, Azərbaycanda mədəni turizmin inkişafı hələ özünün ilkin mərhələsini yaşayır. Tu­rizmin bu növünün üstünlüyü ondadır ki, ilin bütün fəsillərində səyahətçiləri cəlb etmək imkanı yaradır. Ümumiyyətlə, mə­dəni turizmin dirçəlməsinə xidmət edən la­yihələrin icrası qeyd olunan sahədə nəzəri və praktiki aspektlərin əsas götürülməsini tələb edir. Paytaxt və regionlarda xeyli ta­rixi məkanların mövcudluğuna baxmaya­raq, ölkəmizdə bu turizm marşrutlarından istifadə əmsalı o qədər də yüksək deyil. 

Ceyhun ALIŞLI
XQ





Mədəniyyət