51 min 966 seçici qeydə alınıb
“Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 99 saylı Bərdə DSK-nın sədri Dilsuz Nəcəfov bildirib ki, məntəqə seçki komissiyalarının üzvləri üçün MSK tərəfindən təşkil olunan maarifləndirici treninqlər başa çatıb: “Treninqlərdə seçkilərin keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının üzvləri maarifləndirilib. Onların rolları və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması qaydaları izah olunub”. O qeyd edib ki, 99 saylı Bərdə seçki dairəsində 51 min 966 seçici var. Bu günə kimi müraciət edən13 nəfərdən səkkizinin deputatlığa namizədliyi qeydə alınıb.
İlk dəfə səs vermək ikiqat şərəflidir
“Təbii ki, qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Bu seçkilərin mənim üçün xüsusi əhəmiyyəti var. İlk dəfə Azərbaycanın tamhüquqlu vətəndaşı kimi səsvermə hüququmdan istifadə edəcəyəm”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında ilk dəfə səs verəcək Nihat Əfəndi deyib. Onun sözlərinə görə, parlament seçkilərində seçici kimi iştirak etmək xüsusi əhval yaradır: “Bu seçkilər Azərbaycanın hər bir vətəndaşı üçün müstəsna əhəmiyyətə malikdir. Biz gənclər üçün isə seçkilərdə iştirak etmək ikiqat bayramdır”.
Seçki könüllüləri buklet paylayırlar
Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi prosesi davam etdirilir. “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, MSK ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən maarifləndirmə zamanı Seçki könüllüləri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində gənc seçicilərə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Vətənin bir parçası olmaq qürurvericidir
“Parlament seçkilərinin Azərbaycanın bütün ərazisində keçirilməsi və vətəndaşlarımızın öz doğma torpaqlarında səs verə bilməsi sevindirici və tarixi hadisədir”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Ramazan Hudulov deyib.
O bildirib ki, ilk dəfə olaraq xalqımız parlament seçkilərində elliklə doğma torpaqlarındakı seçki məntəqələrində rahat və sərbəst şəkildə öz namizədlərinə səs verəcəklər.
“Şəhidlərimizin qanı, qazilərimizin canı bahasına Zəfər qazandıq. “Dəmir yumruq” ətrafında birləşmiş bütöv xalq olaraq düşmənin başını əzməyi bacardıq. Bu gün şəhidlərimizin ruhu şaddır ki, onların qanı yerdə qalmadı, qisasları alındı. Onların uğrunda canlarını fəda etdikləri torpaqlarımız azaddır. Bunun bir parçası olmaq bizi qürurlandırır və hər zaman Azərbaycanımızın bu cür azad, bütöv, güclü və qüdrətli olmasını arzu edirəm”, – deyə Vətən Müharibəsi Qəhrəmanı əlavə edib.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ