Seçkilər çağdaş demokratiyanın parlaq təzahürü olacaq

post-img

“Azərbaycanda demokratiya əsasında qurulmuş zəngin milli dövlətçilik təc­rübəsi var. Qarşıdan gələn növbədənkənar parlament seçkiləri bu mənada de­mokratiyanın təzahür elementlərindən biri olacaq. Siyasi partiyaların nümayən­dələrinin, eləcə də sadə vətəndaşların seçki prosesində iştirakı, seçkinin ölkənin hər bir regionunda baş tutması həm də böyük rəmzi məna daşıyır”. 

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında hüquq elmləri doktoru, Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin prorektoru Gülnoza İsmayılova deyib.

Onun sözlərinə görə, siyasi müstəqil­liyin möhkəmləndirilməsi daxili və xarici çağırışlara adekvat cavab verə bilən sabit və effektiv idarəetmə sisteminin güclən­dirilməsini tələb edir: “Erkən seçkilər parlamentin tərkibini yeniləmək, islahat­ların həyata keçirilməsi üçün lazımi bilik və bacarıqlara malik yeni siyasətçiləri və ekspertləri cəlb etmək imkanı verir. Bu, qanunvericilik fəaliyyətinin keyfiyyətini yüksəldəcək”.

Professor qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün ölkənin və ilk növbədə işğaldan azad edilmiş əra­zilərin sürətli iqtisadi inkişafı üçün unikal imkanlar yaradır: “Bu regionlar kənd təsər­rüfatı, sənaye və turizm də daxil olmaqla iqtisadi artım üçün əhəmiyyətli potensiala malikdirlər. Bu kontekstdə yeni parlament geri qaytarılan ərazilərin milli iqtisadiyya­ta inteqrasiyasına yönəlmiş strateji proq­ramlar işləyib hazırlamaq imkanı əldə edə­cək”.

“Ümumiyyətlə, Azərbaycanda keçi­riləcək növbədənkənar parlament seçkilə­ri onun siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində, öz inkişaf mode­linin həyata keçirilməsində mühüm mər­hələdir”, – deyə Gülnoza İsmayılova fikri­ni yekunlaşdırıb.

Anar TURAN
XQ

Son xəbərlər