İyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
İclasda hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə qeyd edilib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.
Hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.
Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
XQ