Diaspor nümayəndələri Qarabağda

post-img

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Füzuliyə və Şuşaya səfər edib.

Diasporla İş üzrə Dövlət Komitə­sindən bildiriblər ki, Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının sübutu olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb, vandalizm aktlarını pislə­yiblər. Qonaqlara rayonda aparılan yeni­dənqurma, təmir-bərpa işləri haqqında ət­raflı məlumat verilib. Onlar yenidənqurma və təmir-bərpa işlərini böyük məmnunluq­la müşahidə ediblər.

Nümayəndə heyətinin ölkəmizə səfə­rinin şüarına uyğun olaraq “Prezidentlə­rin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jo­mart Tokayevin birlikdə açılışını etdik­ləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D model­ləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər.

Sonra qonaqlar Şuşaya yola düşüblər. Burada da erməni qəsbkarlarının otuz illik işğal dövründə törətdikləri vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, İsa bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər.

Diaspor nümayəndələri və qazax xalqının təmsilçiləri Cıdır düzündə böyük-ölçülü bayraq açaraq qürurla dalğalandı­rıb, xatirə şəkilləri çəkdiriblər.

XQ

Son xəbərlər