Azad edilmiş ərazilərdə – Şərqi Zəngəzurda ilk dəfə iyunun 24-də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb. Zəngilan Konqres Mərkəzində təşkil olunan forum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, tədbirdə QHT-lərin 200-ə yaxın əməkdaşının iştirak etdiyini bildirib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, azad edilmiş ərazilərdə QHT-lərin forumunun ilk dəfə Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev bildirib ki, son dövrlər QHT-lərlə iş sahəsində kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. Azərbaycan Milli QHT Forumunun İdarə heyətinin sədri Ramil İskəndərli QHT-lərin imkanlarından səmərəli istifadə olunması üçün ətraflı təhlil işlərinin aparıldığını bildirib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyini diqqətə çatdırıblar.
Sonra forum çərçivəsində “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələr olub. Bu gün məclisdə Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr aparılacaq.
XQ