Borçalıdakı “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edib. Bu barədə XQ-yə “Azərbaycan evi”ndən məlumat verilib.
Məlumata görə, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba İcmaları Baş İdarəsinin (YTB) və Türk Dünyası Araşdırmaları Fondunun təşkilatçılığı ilə keçirilən festivala Gürcüstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan, Qaqauziya, Krım, Yakutiya, Tatarıstan, Tuva, Bolqarıstan, Kabarda-Balkar, İraq, Axıska və Şərqi Türkistandan 250-dən çox uşaq qatılıb.
Festivalda Türk Dünyası Araşdırmaları Fondunun rəhbəri Gözhan Yazqan, İstanbul şəhər Gənclər və İdman İdarəsinin rəhbəri Muhittin Özbay, İstanbul Milli Təhsil şöbəsinin rəhbəri Dr. Mücahit Yentürk, İstanbul Valisinin müavini Məhmət Sülün, Samsun millət vəkili və MHP sədrinin müavini professor-doktor İlyas Topsakal və Moldovanın Qaqauziya Muxtar Respublikasının mədəniyyət naziri Marina Semyonova və başqaları çıxış ediblər. Türk dünyasının dörd bir tərəfindən gəlmiş 250-dən çox uşaq öz ölkələrinin mədəniyyətini, incəsənətini və milli musiqisini təqdim edib.
Festivalda Cəmilə Səttarqızının rəhbərliyi altında Gürcüstanı təmsil edən “Sarvan” folklor ansamblı Azərbaycan milli musiqilərini və xalq rəqslərini ifa edib. Çıxış iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Paşa ƏMİRCANOV
XQ